Gələn ildən akvakultura təsərrüfatlarına subsidiyaların verilməsi istehsalın stimullaşdırılmasına və bazarda balıq məhsullarının qiymətinin daha sabit və əlçatan olmasına şərait yaradacağı bildirilib. Bu fikri Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu” panelində Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov söyləyib.
Məcidov qeyd edib ki, təbii su hövzələrində balıq ovunun mövsümi xarakter daşıması bazarda məhsul təklifinin qeyri-sabitliyinə səbəb olur; bəzi dövrlərdə bazara böyük həcmdə balıq daxil olduğu halda, digər dövrlərdə təklif azalır və qıtlıq müşahidə edilir.
O bildirib ki, akvakultura istehsalının ilboyu və sabit şəkildə təşkili bazarın davamlı olaraq balıq məhsulları ilə təmin edilməsinə imkan yaradır, bu şəraitdə məhsulun keyfiyyətinə nəzarət etmək və istehsal prosesini idarə etmək mümkündür.
Mənbədə həmçinin bildirilir ki, akvakultura istehsalçılara bazarın şərtlərini və istehlakçı tələbatını nəzərə alaraq fəaliyyətini planlaşdırmağa, məhsul təklifini idarə etməyə imkan verir və bu sahənin inkişafı balıq məhsullarının emalı, saxlanılması, daşınması, həmçinin soyuducu anbar və komplekslərin yaradılmasına müsbət təsir göstərə bilər.
Qeyd olunur ki, balıq istehsalının bəzi digər heyvandarlıq sahələri ilə müqayisədə maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstünlükləri ola bilər və akvakultura təsərrüfatlarının genişləndirilməsi əhalinin zülalla zəngin balıq məhsulları ilə daha əlçatan qiymətlərlə təmin olunmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edə bilər.
Mənbə: az.trend.az

