Dövlət Sosial Müdafiə Fondu əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpası və yenidən təyinatı qaydalarını açıqlayıb. Əgər pensiyanın ödənilməsinin kəsilməsinə səbəb əlillik müddətinin bitməsi olubsa, həmin pensiya kəsilmə günündən etibarən beş il ərzində bərpa edilir.
Beş ildən artıq vaxt keçdikdən sonra yenidən əlillik baş verərsə, şəxsin əmək pensiyası hüququ yenidən yoxlanılır və yalnız hüquq mövcud olduqda pensiya ümumi qaydalar üzrə təyin edilir.
Əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır və müvafiq qaydada həyata keçirilir.
Müraciətlər elektron qaydada qəbul olunur; elektron imkanı olmayanlar Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti struktur bölmələrinə və ya DOST mərkəzlərinə şəxsən və ya nümayəndəsi vasitəsilə zəruri sənədlərlə müraciət edə bilərlər.
Xidmətdən Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı ölkədə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə bilərlər. Müraciətlər qanunvericiliyə uyğun olaraq qiymətləndirilir və qərar qəbul edilir; hüquq yarandıqda pensiya təyin olunur, yaranmadıqda isə təyinatdan imtina barədə məlumat verilir.
Mənbə: az.trend.az

