Azərbaycan iki həftə ərzində dünyanın ən böyük və nüfuzlu tədbirlərindən olan Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Bu mötəbər tədbir Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Azərbaycan bu genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi. Azərbaycanın müasir infrastrukturu, təşkilatçılıq təcrübəsi və təhlükəsizlik baxımından təminatlı mühiti tədbirin uğurla keçməsinin əsas amillərdən biri oldu. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi üçün deyil, həm də ölkələrin əməkdaşlıq etməsi üçün yeni körpülər qurmaq baxımından da əhəmiyyətli idi. Bütün iştirakçı tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Azərbaycan 80 dövlət və hökümət başçısının, 76 mindən çox iştirakçının qatıldığı tədbirə yüksək səviyyəli ev sahibliyi etməklə bağlı qonaqlardan müsbət rəy almaqdan qürur duyur. Prezident İlham Əliyevin dediyi kimi, yekdil qərarla ev sahibliyi edəcək ölkə kimi seçilmək bizim üçün şərəfdir və biz bunu gördüyümüz işlərə o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmət əlaməti hesab edirik.
Dövlət başçımızın vurğuladığı kimi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan tərəfsiz vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Bakı Maliyyə məqsədi ilə inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər 300 milyard dollar ayrılması ilə bağlı razılaşmanın əldə olunmasına nail oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadlarını aradan qaldırmağa kömək edəcək. Buna görə də cənab İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirib. Eyni zamanda, tədbirdə əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulanıb.
Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq.
COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.
Azərbaycan COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Azərbaycanın üzərinə düşən dünyanın aparıcı dövlətləri arasında dərinləşən qlobal qütbləşməyə baxmayaraq müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çıxarmaq idi. Belə bir mürəkkəb diplomatiya labirintinin içərisində uğurla manevr edərək yekun razılaşmaya nail olmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır.
ABŞ prezidenti Baydenin təbrik bəyanatı da Azərbaycanın necə uğurlu bir işə imza atdığını bir daha təsdiq etdi.
Azərbaycana qarşı qarayaxma kampaniyalarının təşkilatçıları və icraçıları, konfransın uğurla keçirilməsinə mane olmaq üçün müxtəlif yollarla səy göstərsələr də, xalqımız və dövlətimiz 44 günlük Vətən müharibəsində olduğu kimi, birlik, həmrəylik və müdriklik nümayiş etdirdi. Xalqımızın həmrəyliyi və dövlətin qətiyyətli siyasəti bu qarayaxma kampaniyalarının iflasa uğradığını bir daha ortaya qoydu. Azərbaycanın əldə etdiyi bu uğur yalnız təşkilati bacarıqların deyil, həm də milli iradənin gücünün göstəricisidir. Bu birlik ölkəmizin beynəlxalq təzyiqlərə qarşı dayanıqlılığını daha da gücləndirdi. Dostlarımız bu uğura ürəkdən sevindilər, düşmənlərimizin ümidləri puç oldu. Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb. Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.
Hacıbala Abdulla
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi