20 noyabr yaxınlaşır. Bu gün təcavüzkar Ermənistan tərəfindən 1993-cü il iyulun 23-də işğal edilmiş, tamamilə dağıdılmış, yerlə-yeksan olunmuş, Qafqazın Xirosimosu adlandırılan Ağdam şəhərinin 2020-ci il noyabrın 20-də bir parton istifadə edilmədən azad olunduğu, işğalçının rədd olub getdiyi gündür. Bu gün cənab Prezidentimiz İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə təsis edilən Ağdam şəhər günüdür.
Düşmənin dinc yolla qovulmasından üç gün sonra – 2020-ci il noyabrın 23-də ölkə başçımız Ağdamda dövlət bayrağımızı ucaltdı. Qürurverici hadisə idi.
20 noyabr təkcə Ağdam rayon sakinləri deyil, bütün millət üçün bir şəhərimizin azadlığına qovuşmasının bayrama çevrildiyi gündür.
Ağdama səfər edənlər iki fərqi qabarıq şəkildə görür.
Birincisi, şəhərdən barbar bir qəbilənin keçdiyinin, işğal dövründə törədilmiş erməni vəhşiliyinin, binaları, tarix və mədəniyyət abidələrini, sosial obyektləri, qəbiristanlıqları dağıtdığının şahidi olur.
İkincisi, azad edilməsindən qısa müddət keçməsinə baxmayaraq, dünya mədəniyyəti yaradan Azərbaycan millətinin qurub-yaratmaq əzmini, tikilən yoları, yaşayış binalarını, məktəbləri, otelləri, sənaye parkını, kəndləri, bərpa edilən tarix və mədəniyyət abidələrini, həyata keçirilən infrastruktur layihələrini və s. görür.
Milli-mənəvi dəyərlərimiz, qədim və zəngin tariximiz dirçəldilməklə müasir Ağdam tikilir. Cənab Prezidentimizin Ağdama indiyədək etdiyi 9 səfər yeni obyektlərin təməllərinin qoyulması və açılışı ilə yaddaşlara həkk olunub.
Tarix boyu qurucular, yüksək mədəniyyətlilər qalib gəliblər. Necə ki, Azərbaycan qalib gəldi. Gələcək də onlarındır.
Ağdamı düşmən işğalından qoruyarkən həlak olmuş bütün şəhidlərimizin ruhu bu gün şaddır.
Bu gün eyni zamanda 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən vurulan Azərbaycan hərbi helikopterində həyatlarını itirənlərin də ruhları şaddır. Çünki onların da aruzları həyata keçirilib.
Millətin arzularını gerçəkləşdirən, həyatına xoş günləri bəxş edən Müzəffər Ali Baş Komandanımızı Allah qorusun!