Prezident İlham Əliyev Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxış edərək bildirdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.
Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Patrisia Skotlend COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların açılmasını və paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə hazırıq. Mən bu təklifi ona görə verirəm ki, üzv dövlətlərimiz təcili şəkildə iqlim maliyyəsi ilə bağlı vədlərə ehtiyac duyur. Onlar buna Yaşıl İqlim Fondu, İtki və Zərərlər Fondu xətti ilə nail ola bilər”.
İlyina Elnara
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi