Bakı yenidən dünyanın diqqət mərkəzinə düşdü. Qlobal iqtisadi layihələrin reallaşdığı, Avropanın enerji xəritəsinin cızıldığı Azərbaycanda bu dəfə dünya liderləri iqlim fəlakətlərindən xilas yollarını axtardılar. İlk növbədə onu qeyd edək ki, dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.
Beləliklə, tarixi an baş verdi. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev ənənəvi olaraq açılış mərasimindəki çıxışında mühüm mesajlarla dünya gündəminin diqqət mərkəzinə düşdü.
Azərbaycan COP29-a uğurla ev sahibliyi edir. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər.BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir.
Keçən ilin sonlarında 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək hüququ verildikdən dərhal sonra Qərbin müəyyən ölkələrində olan anti-Azərbaycan qüvvələri də hərəkətə keçdilər. Bu qüvvələrin yeganə məqsədi ölkəmizə göstərilən yüksək etimadın səhv qərar olduğuna dair beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaq və COP29-u boykot etmək oldu. Azərbaycanla Qərb, o cümlədən Avropa ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olmasına baxmayaraq, bu əlaqələrə, təəssüf ki, ziyan vurmaq istəyənlər də oldu.
Prezident İlham Əliyev çıxışında onlara belə cavab verdi: “Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”
Azərbaycanın coğrafi yerləşməsi ona bir sıra mühüm üstünlüklər verir və ölkəmiz bu üstünlüklərdən təkcə özünün deyil, həm də qlobal miqyasda digər dövlətlərin və xalqların mənafelərinə uyğun yararlanmağı ehtiva edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Şimalla Cənubun, Qərblə Şərqin qovuşduğu bir məkandır. Bu məkanda bütün istiqamətlərdə enerji nəqli, daşımalar, mədəniyyətlərin mübadiləsi müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Həqiqətən də Azərbaycanın bir müddət əvvəl başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son dərəcə məhsuldar çoxtərəfli əməkdaşlıq formatı yaratmağa nail olub. Ən mühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindən biri kimi tanınan Azərbaycan artıq bərpaolunan enerji sahəsində də önəmli nəticələr əldə etməkdədir. COP29 bir daha bütün dünyaya nümayiş etdirəcək ki, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsas prioritetlərindən biridir.
Aynur Həsənova
Suraxanı rayonu, S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının Azərbaycan dili və ədəbiyyat müəllimi