Müasir və müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Konstitusiyanın qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Prezident İlham Əliyev çıxışında bildirir ki: Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycanın demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Konstitusiyamızın əsas prinsiplərinin və müddəalarının vətəndaşlarımız tərəfindən dərindən öyrənilməsi, dövlət və cəmiyyət həyatının bütün sahələrinin Əsas Qanunumuza tamamilə uyğunlaşdırılması və onun yaratdığı təminatların reallaşdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Zəfər sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. Konstitusiya Məhkəməsi bu tarixi Qələbədən ruhlanaraq ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi prosesinə bundan sonra da qəbul etdiyi qərarlarla töhfə verməkdə davam edəcək.
Ölkəmizin COP29-a ev sahibliyi etməsi, həmçinin özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət olaraq tanıda bilməsinin göstəricisidir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu, həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bilavasitə nəticəsidir.
Bu gün aparılan düşünülmüş xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzu artaraq ölkəmiz dünyada söz sahibinə çevrilib. Qlobal proseslərdə respublikamızın mövqeləri möhkəmlənir. Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və qalib dövlət olması beynəlxalq müstəvidə ölkəmizə olan marağı artırmışdır. Azərbaycan böyük və mühüm coğrafiyada meydana gələn yeni reallıqların mərkəzində dayanan lider ölkədir. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, uğurlu diplomatiyası sayəsində əldə edilib.
Məcid Rəsulov
Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru