4 il əvvəl 27 sentyabrda başlamış 44 günlük qəhrəmanlıq yolumuz 8 noyabrda Zəfər bayramı ilə nəticələndi. Həmin gün müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Himnimizin sözlərində deyildiyi kimi “Səndən ötrü can verməyə cümlə hazırız, Səndən ötrü qan tökməyə cümlə qadiriz” deyən qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət etdilər, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Azərbaycanın döyünən qəlbi olan Şuşadan qovub çıxartdılar. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirilən bu möhtəşəm qələbə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrildi. 8 noyabrın “Zəfər Günü” elan edilməsinin məhz Şuşanın işğaldan azad edilməsi günündə olması tarixi əhəmiyyətli idi.
Bir vaxtlar xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Müzəffər ordumuz 44 gün ərzində Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən demişdir ki, “Şuşasız bizim işimiz yarımçıq qalar.” Döyüşçülərimiz uzun məsafə qət etdilər. Yolsuzluq şəraitində dağlar-qayalar aşdılar, amma bu tapşırığı şərəflə icra etdilər. Bu möhtəşəm zəfərin memarı – Ata vəsiyyətini yerinə yetirərək, başladığı işi məntiqi sonluğuna çatdıraraq, öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdıran Prezident İlham Əliyev oldu.
Zəfərə gedən yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Prezident İlham Əliyev Ulu Öndərimizin qoyduğu möhkəm təməl üzərindən böyük iqtisadi və hərbi gücə malik, qüdrətli Azərbaycan dövləti qurdu. Bunun üçün bir çox tədbirlər görüldü. Belə ki, Azərbaycan Ordusunun ən müasir silah-sursat və hərbi texnika ilə təmin olunması, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi prioritet idi. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü – ildən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində icra etdi. Son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəslin bu müqəddəs missiyanın yerinə yetirilməsində əvəzsiz rolu olmuşdur. Xalqımız öz lideri ətrafında yumruq kimi birləşdi, görünməmiş milli həmrəylik nümayiş etdirdi, qələbənin təmin edilməsində mühüm rol oynadı.
44 günlük müharibənin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. Bu qanlı-qadalı, həm də şərəfli 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədi, yalnız irəli getdi, bir əsgərimiz də döyüş meydanından yayınmadı.
Qırx dörd gün davam edən müharibədə Azərbaycan xalqı, Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. Çünki bu qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. Çünki bu qələbə Qarabağ müharibəsində üç minə yaxın şəhidin Vətən uğrunda canını qurban verdiyi, “Ana Vətən sağ olsun” deyən xalqın Zəfəri idi. Belə bir xalqın Ordusunun bu Zəfəri qazanmaq haqqı idi.
4 il olan bu zaman çərçivəsində Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri – ən önəmlisi igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb. Bu yol Şuşaya yeni ruh, yeni nəfəs gətirdi. Azadlığına qovuşmuş qədim şəhər möhtəşəm tədbirlərin şahidinə çevrilib. Artıq bir çox abidələr bərpa olunub. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası üçün böyük işlər görülüb. Bütün bunlar onu deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.
8 noyabr – Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunması, işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın vətəndaşlarıyıq. Qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix nəinki bizim üçün, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.
Kəmalə İbrahimova
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən