Bu il, xalqımızı parlaq işıqlı gələcəyə aparan Şanlı Zəfər tariximizin dördüncü ildönümü tamam olur. Azərbaycanın itirilmiş tarixi torpaqlarının bərpası və bütövlüyü 2020-ci il 8 noyabr tarixində öz əksini tapdı
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin güclü siyasəti, düzgün strategiyası, Azərbaycanın Müzəffər şanlı ordusu və müdrik xalqımızın səyi nəticəsində Şanlı tarix yazıldı. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək, ərazi bütövlüyünü, vahidliyini bərpa etmək üçün Ali Baş komandan hələ 2003 – cü ildə hakimiyyətə gəldiyi dövrdən həm daxili və həmdə xarici potensialı gücləndirmək üçün önəmli addımlar atdı
20 faiz torpaqlarımızın 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılması, yaşayış məntəqələrimizin, milli mənəvi irsimizin erməni vandalları tərəfindən dağılıb yerlə yeksan olmasına səbəb olmuşdu. Yurd yuvasından didərgin olmuş soydaşlarımız qaçqın, köçkün halında yaşamış, yurd həsrətilə alışıb, yanmışlar. Ermənistan Respublikası tərəfindən işğal edildikdən sonra bütün bu müddət ərzində torpaqlarımızda toponim dəyişikliklər edilmiş, tarix adlar dəyişdirilmiş, saxtakar tarix yazmağa çalışmışlar.
Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu mütəşəkkil, intizamlı hala gətirildi. Müasir silahlar, yüksək səviyyəli təlimlər, nizam-intizam 44 günlük Vətən müharibəsində Müzəffər ordumuzun gücünü bütün dünyaya göstərdi. Ordumuzun yenilikləri, dünya hərb tarixində bir ilk oldu. Hal hazırda ordumuzun peşəkarlığı və hərbi taktikası dünya ölkələri tərəfindən öyrənilir.
Vətən müharibəsi dönəmində Azərbaycan dövləti xarici siyasətdə də önəmli addımlar ataraq, dünya ölkələri ilə hərbi əməkdaşlığı artırdı. Belə ölkələrdən biri qardaş Türkiyə Respublikasıdır ki, 44 günlük müharibədə öz mövqeyini ortaya qoydu. Qardaş ölkənin həm diplomatik və həmdə mənəvi dəstəyi qələbənin qazanılmasında mühüm hal idi
Azərbaycan Respublikasının iqtisadi gücü, potensialı da Vətən müharibəsində ən əsas şərtlərdən biri idi. Azərbaycanın iqtisadi gücü olmasaydı, qələbə olmazdı.
Azərbaycan xalqı öz əsgərinə həm maddi və həm də mənəvi dəstək oldu. Vətən torpaqlarına qovuşmaq arzusu azərbaycanlılar arasında ruh yüksəkliyini günü gündən artırdı. Xalq dəmir yumruq kimi birləşdi. Dünya belə mübarizə, birlik, əzm və dirəniş görməmişdi. Ali Baş komandan, Müzəffər ordu və xalqın birliyi qələbəyə, zəfərə inamı artırdı. Xarici müdaxilələrə baxmayaraq xalq öz əsgərinin və Ali Baş komandanının arxasında durdu. Lakin 44 günlük Vətən müharibəsi tək qələbə ilə yadda qalmadı, həmdə xalqımıza igid, qəhrəman oğullarımızın cəsarətini, ölməzliyini, mərdliyini nümayiş etdirdi. Belə igid qəhrəman oğulların səyi nəticəsində biz Zəfər çaldıq. Amma itkilərimizdə çox oldu. Vətən sevgisi, torpaq məhəbbəti minlərlə igid, qəhrəmanlarımızı müqəddəs şəhidlik zirvəsinə ucaltdı.
Ruhunuz qarşısında baş əyirik igid, qəhraman balalar! Allah sizə rəhmət eləsin!
Arzu Məmmədova
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru