8 Noyabr Azərbaycan xalqının tarixində ən əlamətdar, şanlı bir tarixdir. Şərəf və qürur günüdür. Azərbaycan xalqı bu tarixi illərlə, səbirsizliklə gözləyirdi.
Möhtərəm Prezidentimizin “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” – sözləri hər bir azərbaycanlının yaxşı yadındadır.
Zaman göstərdi ki, ölkə başçımız bu sözləri əbəz yerə deməmişdir. Məhz buna görə də işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub.
Ermənilərin azərbaycanlılara qarşı düşmənçilik siyasəti hələ Çar Rusiyası dövründən, onların Qarabağa köçürüldükləri vaxtdan başlamışdır. Həmin andan başlayaraq azərbaycanlılar zaman –zaman sıxışdırılmış, öz yurd-yuvalarından qovulmağa məcbur edilmişlər. Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti sonrakı illərdə də Rusiya inqilabının yaratdığı tarixi şəraitdə davam etmişdir. Həmçinin Sovet dövründə də bu məkrli siyasət həyata keçirilmiş, minlərlə azərbaycanlı dədə-baba torpaqlarından qovularaq Azərbaycanın Aran bölgəsinə köçürülmüşdür.
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur.
Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Torpaqların düşmən işğalından təmizlənməsi üçün ordu quruculuğu, yüksək hərbi texnikaya sahib olmaq vacib ami idi. Bu səbəbdəndir ki, güclü ordu yaratmaq hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu möhtərəm Prezident cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ordunun döyüş qabiliyyətini möhkəmləndirmək, müasir silah-sursat, texnika ilə təchiz etmək məqsədilə Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı ki, bu da ölkənin hərbi qüdrətini daha da artırdı.
Düşmən üzərində qələbə əldə etmək üçün ölkəni təkcə hərbi baxımdan deyil, eyni zamanda iqtisadi baxımdan da inkişaf etdirmək mühüm bir məsələ idi. Bu məqsədlə ölkə başçımızın Azərbaycanda uğurla həyata keçirdiyi layihələr regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi layihələr bir çox dünya ölkələri ilə yanaşı region ölkələrinin də diqqət mərkəzində idi. Bu da Azərbaycanın bütün dünyada artan nüfuzunun göstəricisi idi.Bütün bunlarla yanaşı dövlət başçısı cənab İlham Əliyev xarici siyasətdə də uğur əldə etmək üçün böyük səy göstərmişdir. Onun yüksək səviyyəli diplomatiyası nəticəsində Azərbaycan bir neçə aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, münaqişənin həlli üçün hüquqi bazanın əldə olunmasına nail olmuşdur. Lakin Azərbaycan hər zaman bu münaqişənin beynəlxalq səvyyədə sülh yolu ilə həllinə nail olmağa çalışsa da, illər ərzində aparılan bütün danışıqlar, görüşlər nəticəsiz qalmışdır. Buna görə də müharibəninin qaçılmaz olduğu şübhəsiz idi.
Çıxışlarının birində cənab Prezident demişdir: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
2020-ci il sentyabrın 27-də Qazax və Gədəbəy rayonu ərazisində olan mövqelərimiz düşmən tərəfindən atəşə tutuldu. Elə düşmən tərəfinin bu hücum təxribatı Vətən müharibəsinin başlaması üçün bir qığılcım oldu. Düşmən təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyev dərhal əks-hücum əməliyyatı əmrini verdi. Azərbaycan ordusu 30 ilə yaxın bir müddətdə bu hücum əmrini gözləyirdi. Tez bir zamanda on minlərlə insan könüllü olaraq orduya yazıldı. Xalq öz dövlətinin və ordusunun ətrafında dəmir yumruq kimi birləşdi.“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Yüksək strateji əhəmiyyət daşıyan Şuşanın azad edilməsi müharibənin həlledici anı oldu. Ermənistan tərəfi artıq vuruşmağın heç bir əhəmiyyət kəsb etmədiyini anlayaraq təslim olmağa məcbur oldu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Cəmi 44 gün sürən II Qarabağ müharibəsi zamanı Azərbarycan xalqı öz qüdrətini göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı – canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi o, erməni mifini də məhv etdi.
Ermənistan silahlı qüvvələri rəşadətli Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədi. Müharibə zamanı erməni əsgərləri döyüş bölgəsində xeyl sayda silah- sursat, hərbi texnika qoyub qaçmışdılar. Həmin qənimətlər Bakı şəhərində yaradılmış Hərbi Qənimətlər Parkına təhvil verilmişdir. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. Burada nümayiş etdirilən eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları,artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında hərbi parad keçirilmişdir. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Zəfər paradının keçirilməsi xüsusi bir əhəmiyyət daşıyırdı. İstər düşmən tərəf, istərsə də, dünya dövlətləri bir daha şahid oldular ki, Azərbaycan Ordusu hansı gücə, qüdrətə sahibdir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına qələbəni bəxş etmiş müzəffər bir Ordududur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir.
Azərbaycan öz qələbəsini təkcə döyüş meydanında deyil, dünyanın informasiya meydanında da qazandı. Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibənin hər biri Azərbaycanın diplomatik uğuru oldu. Beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.
Cənab Prezident dəfələrlə vurğulamışdır: “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.”
Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi.Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər.
II Qarabağ müharibəsi zamanı Türkiyə hər zaman Azərbaycana dəstək oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.
Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Burada etnik və dini mənsubiyyətindən asılı olmayaraq çoxlu sayda xalqlar yaşayır. Ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar.
Müharibə başa çatdıqdan sonra Azərbaycan dövlətinin qarşısında mühüm bir məsələ dayanırdı. İşğaltan təmizlənmiş torpaqlara yenidən həyat vermək. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Hərtərəfli iş görülür – infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Elə Zəngilan və Cəbrayıl şəhərlərinə əhalinin köçürülməsi, onların rifah halında yaşaması üçün həyat şəraitinin hərtərəfli təmin olunması bunun əyani sübutudur.
Artıq Böyük Qayıdışın təməli qoyulmuşdur. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi indi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Əminik ki, düşmənlərin darmadağın etdiyi ərazilər yaxın bir zamanda gülüstana çevriləcək.
44 günlük Vətən müharibəsində minlərlə qəhrəman oğullarımız iştirak etmişdir. Prezident İlham Əliyevin imzalandığı sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşa olunur.
Azərbaycan xalqı bu müharibədə minlərlə şəhid verdi. Onların əziz xatirəsi bizim üçün həmişə müqəddəsdir. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanında olacaqdır. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.
Müharibədən sonra növbəti qələbəmiz Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulması oldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Vətən müharibəsində qələbə əldə edilsə də, Xankəndi şəhəri, eləcə də bəzi ərazilər hələ də azad edilməmişdi. Burada məskunlaşan erməni separatçıları hər zaman təhlükə törədirdi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Müzəffər Azərbaycan Ordusu ilə vuruşmaq gücündə olmayan erməni silahlı birləşmələri tez bir zamanda silahı yerə qoymağa məcbur olmuşdur.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti qələbəsidir.
Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etdi.
Möhtəşəm tarixi günlə əlaqədar olaraq hər il Noyabrın 8 – i ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Bu şanlı tarix hər bir azərbaycanlının qəlbində böyük sevic və qürur hissi doğurur. Bu Zəfərin əldə edilməsi ilə Azərbaycan xalqı öz gücünü, qüdrətini nəinki düşmənə, eləcə də bütün dünyaya göstərdi. Qətiyyətlə demək olar ki, Aərbaycanın ərazi bütövlüyü, müstəqilliyi əbədidir və əbədi olaraq qalacaq.
Fərəh Hüseynova
Suraxanı rayonu, R.Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin direktoru