Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində rayona külli miqdarda ziyan dəymiş, əhali öz doğma yurdlarından didərgin düşmüş, tarixi abidələrimiz dağıntılara məruz qalmışdır. XI əsrdə Araz çayı üzərində tikilən və Cəbrayılda yerləşən Xudafərin körpüsü işğal altına düşmüşdür.
Heydər Əliyev və İlham Əliyevin dövründə dövlətimiz uğurlu daxili və xarici siyasət yeritmiş, torpaqlarımızın azad olunması uğrunda mübarizə aparılmışdır. Belə ki, 1994-cü ildə uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad olunmuşdur. Heydər Əliyev digər tarixi şəxsiyyətlər kimi, nəticəsi bizim üçün acı olsa da müharibəni dayandırmış, sakitlik yaradıb ordunu yenidən bərpa etmək üçün ciddi addımlar atmışdır. Onun daxili və xarici siyasətini uğurla davam etdirən İlham Əliyev ordunu daha da gücləndirmiş, tarixi uğurlara imza atmışdır.
2016-cı ilin aprelində “Dördgünlük müharibə”də şanlı ordumuz Lələtəpə yüksəkliyini azad etmiş və Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini təmin etmişdir. Bundan sonra İlham Əliyev sərəncamı ilə “Böyük Qayıdış” proqramı təsdiqlənmiş, təmir-bərpa işləri aparılmış və əhalinin köçünə başlanılmışdır. Uğurlarımız bununla bitmədi.
Tarixi uğurumuza gedən yol 2020-ci il sentyabrın 27-də baş verdi. Ali baş komandan İlham Əliyev rəhbərliyi ilə tarixi torpaqlarımızın azad edilməsinə başlanıldı. Müharibənin ilk günlərində Cəbrayıl rayonunun bir neçə kəndi, oktyabrın 4-də isə Cəbrayıl şəhəri işğaldan azad edildi. Oktyabrın 18-də isə şanlı ordumuz “Müstəqilliyin Bərpası Günü”nə özəl olaraq Xudafərin körpüsü və ətraf əraziləri azad etdi.
Hərbi əməliyyatlar uğurla bitdikdən sonra ərazilərin, o cümlədən Cəbrayıl rayonunun minalardan təmizlənməsinə başlanılmışdır. Yaşayış məntəqələri, mühüm dövlət binaları yenidən tikilməyə başlanılmışdır.
Cəbrayılın azad edilməsi münasibətilə cənab prezident bir sıra fərman və sərəncamlar imzalamışdır. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmişdir. Bu medal Cəbrayıl rayonunun işğaldan azad edilməsində şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbiçilərimizə verilmişdir. Ardınca tarixi qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı 31 iyul 2023-də cənab prezident sərəncam imzalamış və 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunmuşdur.
İlham Əliyev Cəbrayıl rayonuna səfərlər etmiş, təmir-bərpa işləri ilə tanış olmuş, bir sıra yaşayış məntəqələrinin təməlini qoymuşdur. Əhəmiyyətli səfərlərdən biri 19 may 2024-cü ildə olmuşdur. İranla birgə həyata keçirilən layihəyə əsasən “Xudafərin” hidroqovşağı istismara verilmiş, “Qız qalası” hidroqovşağının açılışı olmuşdur.
Talıb Talıblı
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin tarix müəllimi