İran Baş qərargahının hesabatına görə, bu ölkənin Prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzasında elektron cihazlara müdaxilə və ya təxribatla bağlı heç bir dəlil aşkar edilməyib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Baş qərargahın tərtib etdiyi sayca ikinci təhqiqat aktına əsasən, helikopterin texniki xidmət və təmir sənədləri yoxlanılıb və heç bir problem aşkar olunmayıb.
Məlumatda bildirilir ki, helikopterin qalıqları və hissələri üzərində aparılan araşdırmalara görə, təxribat və ya elektron avadanlığa müdaxilə faktı aşkar edilməyib. İran Baş qərargahı əlavə edib ki, qəzadan 69 saniyə əvvəl ekipajla əlaqə üzrə heç bir fövqəladə hadisə baş verməyib.
Hesabatda deyilir: “Helikopter havaya qalxarkən hava şəraiti münasib olub, lakin əldə edilən sənədlərə və digər iki helikopterin pilot və sərnişinlərinin ifadələrinə uyğun olaraq, hava şəraitinin qayıdış marşrutuna təsiri daha ətraflı araşdırılmalıdır. Qəzanın əsl səbəbi aşkarlanana və nəticələr ictimaiyyətə açıqlanana qədər araşdırmalar davam etdiriləcək”.
Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində Prezident İbrahim Rəisini, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı və digər rəsmiləri daşıyan helikopter qəzaya uğrayıb.
İranda prezident seçkiləri iyunun 28-nə təyin edilib.