Çoxmu ağır yükdür bəzi özləri dünyaya yük olmuş “valideynlərin” çiyinlərində qız uşağı saxlamaq “yükü”, ürəkləri daş bağlamış, gözləri kor olmuşların ölmüş vicdanlarının himayəsində olan daha neçə azyaşlının gələcəyi ilə iyrənc evcilik oyunu oynanılacaq. Bu dünyada uşaqlıq illərini doyunca yaşamadan ər evinə yola salınacaq, ya da nişanlı qız obrazında gələcəyin daha bir çarəsiz anası böyüyəcək. Axı qız uşaqlarının da öz xəyalları, öz arzuları var və olmalıdır. Onlar öncə uşaq olmalı, ailəsinin qorumasında olmalı, diqqət, sevgi və qayğısını görməlidir, sonra ayaqları üstə durmağı bacarmalı, pisi-yaxşını, doğrunu-yanlışı ayırd etməyi öyrənməlidir, sonra da seçim etməyi.
Lazım gəlsə etiraz etməyi də bacarmalıdır qızlar!
Öz gələcəkləri uğrunda lazım gəlsə azyaşlarından da mübarizə aparmalıdır qızlar. Valideynə hörmət hamının borcudur amma söhbət onun erkən yaşda qurban getməsindən gedirsə etiraz səsini yüksəltməlidir, onu duyan olacaq, mütləq olacaq
Bir qızın həyatına, ürəyinə xəyallarına daxil olan kişi də, öncə İnsan olmağı bacarmalıdır, yaşına başına hörmət etməlidir, övladı yaşında uşaqla nişanlanaraq, ona başqa gözlə baxaraq iyrənc məxluq olduğunu isbatlayan “kişilər” in də ictimai qınağa, hətta lazımi cəzaya ciddi ehtiyacı var. Bu cür valideynlər də mütləq cəzalanmalıdır ki belə hadisələrin sayı azalsın.
Ailə kiçik cəmiyyətdir. Ailənin təməli qurulduğu gün yenicə addımlarını atan gənclərin qulaqlarından sırğa kimi asılan “anam, bacım qız gəlin, əl ayağı düz gəlin, 7 oğul istərəm, bircə dənə qız gəlin” misalı, sonradan eşitdikləri, “qız yükü duz yükü”, qızları olduqdan sonra da “qızın oldu qırmızı donunu çıxart” misalı, hətta , birinin qızı olanda sanki başsağlığı verirmiş kimi, canın sağ olsun, eybi yox, oğlu da olar kimi təsəlliverici sözlər korlamırmı beyinləri…
Qızlar evin şirinliyidir -uşaqkən gözəllikdir, sonra oxuyub gözəl sənət sahibi olmaqdır, ağ gəlinlik geyib bir evin xoşbəxtliyi olmaqdır, sonra anadır, həyat yoldaşıdır. Sevginin, inamın olduğu yerdə gözəl də peşə sahibidir. Qadın cənnətin qapılarının açarıdır, ömrünün sonunadək of demədən, qarşılıq gözləmədən çalışandır, ailəsi üçün, uşaqları üçün.. Qızlarımızı sevək, qoruyaq.