Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə üçgünlük rəsmi səfəri başa çatıb.
“Rubin.az”-ın məlumatına görə,səfərin sonuncu günü Ankaradakı Heydər Əliyev Məktəbi ilə tanışlıq olub. Burada məktəbin fəaliyyəti və tədris metodikası barədə ətraflı məlumat verilib. Məktəbdə sagirdlərin Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən rəsm sərgisi ilə tanışlıq olub.
Ceyhun Bayramov Azərbaycan Təhsil Nazirliyi adından məktəbə ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən, o cümlədən Heydər Əliyev Fondunun ölkəmizin həqiqətlərinə və mədəniyyətinə aid çap etdirdiyi nadir nəşrləri hədiyyə edib.
Məktəbin qapalı idman və konsert zalında müəllim və şagirdlərin iştirakı ilə toplantı təşkil olunub.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar və Heydər Əliyev Məktəbinin müdiri Necati Şəngəzərin çıxışları dinlənilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün şəxsiyyətlərinin ucalığından bəhs edən çıxışçılar bildiriblər ki, hər iki tarixi şəxsiyyət ölkələrimizdə elm və təhsilin inkişafına xüsusi diqqət veriblər. Onların təhsil sahəsində qəbul etdikləri qərarlar tarixi missiya daşıyıb. Vurğulanıb ki, Heydər Əliyevin adını daşıyan məktəbdə oxumaq həm şərəfli, həm də məsuliyyətlidir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələrini xatırladan çıxışçılar qeyd ediblər ki, ölkələrimizdə təhsilin inkişafı, o cümlədən bu sahədə əlaqələrimizin böyük bəhrəsi dahi liderlərin arzu və istəklərinin gerçəkləşməsidir.
Çıxışlardan sonra şagirdlər zəngin bədii və idman proqramı təqdim ediblər. Azərbaycanın gözəlliyini və əzəmətini, Türkiyə ilə qardaşlığımızı tərənnüm edən şeirlər söylənilib, maraqlı idman nömrələri göstərilib.
Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin milli təhsil naziri Ziya Səlcuk arasında görüş olub. Görüşdə Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkənin müvafiq nazirlikləri arasında əlaqələrin dinamik inkişafını yüksək dəyərləndiriblər.