Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanıldı, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edildi.
Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.
Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində Unibank Kommersiya Bankı ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.