Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinin təmin edilməsi istiqamətində birgə fəaliyyətini davam etdirir.
FHN-dən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında yerləşən “Avto Qarant” ASC-nin ərazisində yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları (yağ) ilə dolu çənlərin saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb edilib.
Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və satışının həyata keçirilməsi faktı aşkar edilib.
Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.