Ölkədə süni qiymət artımı müşahidə olunur. Bu isə ciddi rəqabət qabiliyyətinin olmaması və inhisarçılıqla sıx bağlıdır.
Bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, qiymət artımı ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinin ölkədə qiymət artımlarının gercək səbəbləri üst-üstə düşmür:
“Əslində infilyasiyanı elmi əsaslarla təsbit edilən səbəbləri və vətəndaşların düşüncələri arasında fərqliliyin olması tam təbiidir. Çünki, sadə vətəndaş iqtisadi konyukturanı təhlil edəcək iqtisadi biliklərə malik olmaya bilər və o buna borclu da deyil. O sadəcə düşüncəsini ifadə edir”.
Ekspert vurğulayıb ki, sorğu nəticəsində maraqlı bir məqam ortaya çıxıb:
“Vətəndaşların inhisarçılığa qarşı kəskin mövqeyi var, onların az qala yarısı bunu açıq ifadə edir. Çünki onların 34,3%-i sahibkarların və satıcıların süni qiymət artırmasından, 11,6%-i isə rəqabətdən şikayət edir. Əslində həm süni qiymət artımı, həm də rəqabət problemləri ikisi də bir-birindən ayırmaz faktorlardır. Rəqabət olan yerdə süni qiymət artımını kimsə edə bilməz”.
E.Əmirov hesab edir ki, süni qiymət artımı varsa, deməli ciddi rəqabət problemi var. Odur ki, bu sorğu onu göstərir ki, insanların 45,9 %-i inhisarçı davranışlardan narazıdır:
“Yeri gəlmişkən hətta qiymət artımlarında adi satıcıların da ən çox günahlandırılanlar içində olması verilən cavabların infilyasiyanın əsl səbəblərindən çox uzaq olduğunu göstərir. Onda sual yaranır, bəs əslində infilyasiyanın əsl səbəbləri nədir?
İnflyasiyanın əsl səbəbləri arasında birinci yerdə dayanan səbəb COVİD 19-la başlamış və müharibə ilə güclənmiş iqtisadi böhrandır. Bu bütün dünyanı ağuşuna aldı. Hər bir ölkəyə onun iqtisadi immunitetinə uyğun təsir göstərdi.
İkinci səbəb Azərbaycanın idxaldan asılılığının çox olmasıdır. Bunu cənab Prezident də 4 gün əvvəl mühasibəsində söylədi. İdxal məhsullarının istehsal olunduğu ölkələrdə maya dəyərinin artması onun ölkəmizə idxalı zamanı da qiymətlərin artmasını qaçılmaz edir.
Üçüncü səbəb isə bəli sorğuda insanların birinci göstərdiyi səbəbdir (amma satıcı faktorunu çıxmaq şərtilə). Belə ki, insanların süni qiymət artımı dediyi, əslində isə rəqabətin lazımı səviyyədə olmaması üzündən mal və xidmətlərin qiymətinin bu malı və xidməti təklif edənlər tərəfindən şişirdiləməsidir”.
KONKRET.az