Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Akka Moha Sena Padei Teko Hun Sen ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, Kamboca Krallığının Baş naziri Hun Sen Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunması münasibətilə təbriklərini çatdırıb.
Baş nazir 2014-cü ildə Azərbaycanda səfərdə olduğunu xatırladaraq, ölkəmiz və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb. O, 1980-ci illərdə də Azərbaycanda olduğunu və xalqımızın Ümummilli lideri Heydər Əliyevlə 2 dəfə görüşdüyünü bildirib. Hun Sen Heydər Əliyevin dünya səviyyəsində tanınan dövlət xadimi olduğunu və Azərbaycan dövlətinin inkişafı üçün böyük işlər gördüyünü qeyd edib.
Ölkəsinin Azərbaycanla münasibətləri müxtəlif istiqamətlərdə inkişaf etdirmək istədiyini söyləyən Baş nazir beynəlxalq təşkilatlarda əməkdaşlığın, o cümədən, Qoşulmama Hərəkatında təmsilçiliyin əhəmiyyətini qeyd edib. Hun Sen ölkəmizin təşkilata uğurlu sədrliyini, həmçinin, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin sədri parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərimiz arasında əlaqələrin daha da inkişafına müsbət təsirini qeyd edərək, ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələrimizi inkişaf etdirməyin, həmçinin, dostluq qruplarının fəaliyyətinin, deputatlarımız arasında əməkdaşlığın önəmini vurğulayıb.
Spiker Sahibə Qafarova Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələr, beynəlxalq məsələlərin həllinə dair qlobal təşəbbüsləri haqqında Baş nazirə məlumat verib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işləri diqqətə çatdırıb. Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında geniş məlumat verib, Parlament Şəbəkəsinin digər parlamentlərarası təşkilatlarla əməkdaşlığını genişləndirməyə çalışdığını söyləyib.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz torpaqlarını 30 illik işğaldan azad etməsi, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səyləri haqqında da məlumat verib. Sahibə Qafarova nəzərə çatdırıb ki, müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçsə də, Ermənistan əldə olunan razılaşmalara əməl etməkdən boyun qaçırır, regionun sülh gündəliyinin irəliləməsinə maneə törədir. Spiker Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın şəhər və rayonlarını, infrastrukturu, mədəni və tarixi abidələri tamamilə dağıtması haqqında da danışıb. O, qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və tikinti işləri həyata keçirir, bu ərazilərimiz bərpa edilir. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bərpa işlərinə ciddi əngəl törədir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Kambocanın Baş nazirinə “Qarabağ: işğaldan əvvəl və sonra” adlı kitabı təqdim edib.