“Azərbaycan Ermənistan ilə əməkdaşlığa və sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin bir qarış torpağından əl çəkməyəcək”.
“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ittihamlarına cavab olaraq deyib.
Ə.Əsədov bildirib ki, Azərbaycanın suveren ərazisi müzakirə olunmur və 44 günlük müharibədə qələbədən sonra Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini bəyan edib.
“Azərbaycan öz torpaqlarını işğaldan azad edib və qonşu dövlətlə sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edib. Bundan irəli gələrək , biz bu gün konstruktivizm çərçivəsində gündəlikdə duran məsələlər haqqında danışmağa çalışdıq. Lakin Ermənistan Baş nazirinin müavini tərəfindən ölkəmlə bağlı faktların qərəzli və kobud şəkildə təhrif edilməsi məni yenidən söz almağa məcbur etdi”, – Baş nazir bildirib.