Ötən gün Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Bununla da işğaldan azad edilmiş ərazilərdə ikinci beynəlxalq hava limanı fəaliyyətə başlayıb.
Zəngilan aeroportu açılışı, Türkiyə liderinin Qarabağa növbəti səfəri tarixi hadisə kimi qiymətləndirilir. Yeni hava limanı təkcə Azərbaycan üçün deyil, eyni zamanda region üçün mühüm əhəmiyyətə malikdir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Modern.az-a bildirib ki, Zəngilan Beynəlxalq Hava Limanının açılması Qarabağ regionu üçün olduqca önəmlidir:

“Zəngilan aeroportu Azərbaycan üçün olduqca böyük strateji əhəmiyyətə malikdir. Dünən istifadəyə verilən hava limanı regionun sosial-iqtisadi inkişafına çox böyük təkan verəcək. Bu, investisiyaların cəlb edilməsində, regionun turizm potensialının artmasında çox əhəmiyyətli rol oynayacaq. Eyni zamanda aeroportların açılması yükdaşımaların daha sürətli və ucuz başa gəlməsinə səbəb olacaq”.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da aeroportun açılışına gəlməsi Azərbaycan-Türkiyə dostluğunun növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir. Hər iki qardaş ölkə bütün vacib günlərində, şad günlərində də bir yerdədir. Cənab Ərdoğanın bölgəyə səfəri, eyni zamanda düşmənlərimizə ciddi mesaj oldu”,- deyə deputat bildirib.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə vurğulayıb ki, Zəngilan Hava Limanının açılışı Böyük Qayıdışın sürətlə həyata keçirildiyinin əyani göstəricisidir:

“Füzulidən sonra ikinci beynəlxalq aeroportun Zəngilan şəhərində tikilib istifadəyə verilməsininin şahidi olduq. Yaxın gələcəkdə Laçın və Kəlbəcərdə də beynəlxalq aeroport açılması planlaşdırılıb. Bu, onu göstərir ki, Azərbaycan işğaldan azad edilmiş torpaqlarınının yenidən qurulmasını sürətlə həyata keçirir. Azərbaycan bu ərazilərdən köçkün düşürülmüş vətəndaşlarını geri qaytarmaq üçün bütün gücünü səfərbər edib. Ümumilikdə, 7 rayonun baş layihəsinin hazırlanması həm də onu göstərir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə turist cənnəti yaratmaq istəyir”.
Politoloq hesab edir ki, Türkiyə Prezidentinin Zəngilan aeroportunun açılışında iştirakı bir növ güc göstəricisidir:
“Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri Türkiyənin daim Azərbaycanın yanında olduğunun mesajıdır. Türkiyə problemlərin həllində Azərbaycana kömək edir. Ərdoğanın bu səfəri, türk birliyinin yarandığını və bu birliyin sürətlə beynəlxalq münasibətlərin həlledici amilinə çevrildiyini göstərir. Hər iki prezident Araz çayı sahilini ziyarət edib. Məhz bu da Arazın o tayına verilimiş ciddi mesaj kimi qiymətləndirilməlidir. Bu, birbaşa İrana, “ağlını başına yığ” deməkdir. İrana qonşu kimi davranması, əks-təqdirdə başının istənilən vaxt əziləcəyi mesajı verilib. Həm də bizim 40 milyondan çox soydaşımız İran ərazisində yaşayır və onların hər birinin ürəyi Azərbaycanla döyünür. Biz həmin ürəkləri fəth edib, istənilən istiqamətə çəkə bilərik. Ona görə də, Azərbaycana qarşı əzələ nümayişi etdirmək lazım deyil. Bu, həm də Ermənistana sülh müqaviləsi məsələsində səmimi olması, əks təqdirdə sərt reaksiya alacağının mesajıdır. Zəngilan aeroportunun açılışı müasir tariximizə qızıl hərflərlə yazılacaq”.
