Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizdə kadr islahatlarını uğurla davam etdirir. Prezidentin 2022-ci il 25 iyul tarixli sərəncamları ilə Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyəti başçıları təyin edilib. Təyinat münasibətilə yeni icra başçılarını qəbul edən Azərbaycan Prezidenti bir daha ölkəmizdə aparılan islahatların, xüsusən kadr islahatlarının davam edəcəyini qətiyyətlə bildirib və islahatların əsas hədəflərini bəyan edib, yeni kadrlardan gözləntilərini açıq və birmənalı surətdə ifadə edib.
Azərbaycan Prezidenti bəzi kadrların, o cümlədən bir neçə rayonun icra hakimiyyəti başçısının onlara göstərilən etimadı doğrultmadıqlarını, işlərində ciddi nöqsanlara yol verdiklərini və üzərilərinə düşən vəzifələri lazımınca yerinə yetirmədiklərini diqqətə çatdırıb. Bir neçə belə icra başçısı məsuliyyətə cəlb olunmuş, barələrində cinayət işi qaldırılmış və məhkəmə hökmü verilmişdir. Rüşvətxorluq və korrupsiya əməllərinə yol verən kadrlara qarşı barışmaz mübarizə aparılır. Cinayət məsuliyyətinə cəlb edilmiş kadrlar və icra başçıları da buna nümunədir. Bununla belə, bəzi məmurlar yenə də qanunsuzluqlara yol verir və dövlətimizin başçısının xəbərdarlıqlarına baxmayaraq köhnə vərdişlərindən əl çəkmirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.
A.Əliyev bildirib ki, qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Prezidenti Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarına və onların simasında digər məmurlara öz tapşırıq və tövsiyələrini verib, mənfi hallara yol verilməməsi, korrupsiya və rüşvətxorluğun bağışlanılmaması barədə bir daha xəbərdarlıq edib. İcra başçılarına verilən əsas tövsiyələrdən biri onların təyin olunduqları rayonların ərazisində, xüsusən kənd yerlərində vətəndaşlarla müntəzəm təmasda olmaq, onların problemləri ilə yerində və yaxından maraqlanaraq həlli istiqamətində çalışmaq idi. Prezident onu da vurğulayıb ki, rayonun imkanları xaricində olan problem və məsələlərin həlli üçün Prezident Administrasiyası, Nazirlər Kabineti və digər qurumlara müraciət edilməlidir. Amma, ilk növbədə, çalışmaq lazımdır ki, problemlər yerində və mümkün qədər rayonun daxili imkanları hesabına həll olunsun. Bu da yerli icra hakimiyyəti orqanlarından işə məsuliyyətlə yanaşmaq və can yandırmaq tələb edir.
“Prezidentin digər tövsiyəsi icra hakimiyyəti başçılarının öz fəaliyyətlərində sosial ədalət prinsipinə riayət etmələri barədədir. Sosial ədalət, ümumiyyətlə, ədalət prinsipləri cəmiyyətdə əsas prinsiplərdən biridir. Ədalətin hökm sürdüyü yerdə isə sağlam cəmiyyət formalaşır. Sosial ədalət cəmiyyətimizdə həmrəyliyin möhkəmlənməsi baxımından da zəruri şərtdir. Sosial ədalət olmadan cəmiyyətdə tam həmrəyliyə nail olmaq mümkün deyildir. Çox sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyətində həmrəylik hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Daxilimizdə olan bu möhkəm həmrəylik beynəlxalq miqyasda mövqelərimizin güclənməsi və xarici siyasətimizin uğurlu olması üçün ciddi təməl kimi çıxış edir və münbit zəmin yaradır”, – deyə parlament sədrinin müavini əlavə edib.
Vurğulanıb ki, məhz ölkə daxilində möhkəm həmrəylik, iqtidar-xalq birliyi və uğurlu xarici siyasət sayəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz 44 günülük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bununla bağlı dövlətimizin başçısı qeyd etdi: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub”. Təəssüf ki, müharibə itkisiz olmur, Vətəni şəhid vermədən azad etmək, qorumaq olmur. Ona görə də canını Vətən uğrunda fəda edən şəhidlərimizin ailələri, sağlamlıqlarını itirmiş qazilər və müharibə əlilləri daim hər bir vətəndaşımızın, dövlət məmurlarının və xüsusən də rayon icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olmalıdırlar.
“Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlamağı rayon icra hakimiyyəti başçıları üçün bir daha prioritet istiqamətlərdən biri olaraq müəyyən edib, onlara öz fəaliyyətlərində vətəndaşlarla sıx təmasda olmaq, sosial ədalət və şəffaflıq prinsiplərinə riayət etmək, korrupsiya və rüşvətxorluqla mübarizə aparmağı qətiyyətlə tapşırıb”, – deyə Adil Əliyev qeyd edib.