Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva haqqında onlayn və sosial mediada yayımlanan xəbərlərlə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlaması
Mubarizciler.az xəbər verir ki, son günlərdə onlayn və sosial mediada İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva barədə müxtəlif xarakterli məlumatlar yayımlanıb.
Mətanət Qarayevanın Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təzyiqlərə məruz qalması barədə açıqlaması həqiqəti əks etdirmir.
Bildiririk ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi və 4 aprel 2022-ci il tarixində işdən azad edilməsi barədə məlumat daxil olub.
Həmin məlumata əsasən, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə müvafiq araşdırma aparıblar.
Araşdırma zamanı məktəbin sabiq ingilis dili müəlliminin 4 aprel 2022-ci il tarixində işdən azad edilməsi, həmin müəllimin dərs saatlarının müvafiq müəllimlər arasında bölünməsi barədə əmrin düzgün olmaması, eləcə də kargüzarlıq işinin düzgün aparılmaması halları məlum olub.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib.
Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
