Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. XİN başçısının Bakıya işgüzar səfəri 23-24 iyun tarixlərinə planlaşdırılıb.
Lavrovun Azərbaycanda mühüm mövzular ətrafında danışıqlar aparacağı bildirilir, lakin səfərin proqramı hələlik məlum deyil. İrəvan səfərindən sonra rusiyalı nazirin Azərbaycana hansı təklifləri gətirməsi maraq doğurur.
RUBİN.AZ xəbər verir ki, bu barədə Modern.az-a danışan rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin Azərbaycanın Rusiya üçün önəmli ölkə olduğunu bildirib.Ekspertin sözlərinə görə, Azərbaycan bu gün Rusiyanın təkcə strateji tərəfdaşı deyil, eyni zamanda Rusiyanın “Avropa və Asiyaya açılan pəncərə” hesab edilir. “Qarşıdan gələn danışıqların bir hissəsi olaraq, yeni iqtisadi tarazlığı dəstəkləmək üçün mövcud razılaşmalar və ya yeni təkliflər gündəmə gətirilə bilər. Bundan əlavə, ölkələr arasında əməkdaşlığa dair strateji sənədin, gələcəkdə isə Şuşa Bəyannaməsinə bənzər anlaşmanın olmasını istisna etmirəm”, – deyən politoloq Rusiya XİN rəhbərinin Bakıya səfərinin hər iki ölkə üçün əhəmiyyətli olduğunu söyləyib.