Ermənistan və Azərbaycan arasında ötən günlərdə yaşanan gərginlik kontekstində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan regionu təşviq etmək üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu bir daha vurğuladı.
“Report” xəbər verir ki, bu fikirlər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leytsin Ermənistan və Azərbaycanla bağlı bəyanatında yer alıb.
Qeyd edilir ki, Şal Mişel mayın 24-də hər iki ölkənin Sərhəd Komissiyasının ilk tarixi iclasını alqışlayıb və delimitasiya davam etdirilməsi üçün Ermənistan və Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
“Prezident Mişel daha geniş mənada vurğuladı ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin davamlı normallaşması üçün qarşıda duran bütün məsələlərin həlli, o cümlədən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli sürülməsi və münaqişənin kök səbəblərinin aradan qaldırılması vacibdir”, – bəyanatda qeyd olunur.
“Prezident Mişelin liderlərin mayın 22-də keçirilən görüşünün nəticələri ilə bağlı bəyanatı hər iki halda əvvəlcədən müəyyən edilmiş müzakirələrin nəticəsi kimi şərh edilməməlidir. Nəhayət, ən vacib olan odur ki, bütün məsələlər hərtərəfli həll olunur; bura bütün əhalinin hüquqları və təhlükəsizliyi daxildir”.
Bəyanatda qeyd olunur ki, Şarl Mişel əhalinin sülhə hazırlanmasının vacibliyini vurğulayıb. O, İrəvan və Bakı rəhbərliyini alqışlayıb, danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin təmin edilməsində xoş niyyətlə iştirak etmək niyyətini bəyan edib və Aİ-nin etimadın möhkəmləndirilməsi tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu bildirib.