Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev mayın 19-da Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, İnşaat və Memarlıq Universitetinin tələbələri və eləcə də Yasamal rayonunun fəal gəncləri ilə görüşüb.
RUBİN.AZ xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının inzibati binasında keçirilən tədbirdən əvvəl Adil Əliyev və YAP-ın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər güllər düzüblər. Sonra Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.
“Dövlət gənclər siyasəti” mövzusuna həsr edilmiş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin sədr müavini Adil Əliyev ölkəmizdə gənclərə və gənclər siyasətinə böyük önəm verildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Ulu Öndərin müvafiq sərəncamı ilə Şərqi Avropada və MDB ölkələrində ilk dəfə Azərbaycanda Gənclər Gününün təsis edildiyini diqqətə çatdırıb. Bildirilib ki, 25 il ərzində Azərbaycanda gənclər sahəsində kompleks dövlət siyasətinin hazırlanaraq həyata keçirilib.
Milli Məclis sədrinin müavini gənclər siyasəti sahəsində görülən sistemli işlərdən danışaraq qeyd edib ki, Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Fondunun təsis edilməsi, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunlarının qəbul edilməsi, bu sahədə dövlət proqramlarının həyata keçirilməsi, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi və hər il 10 nəfər gəncimizə dövlətimizin başçısı tərəfindən fərdi təqaüdlərin ayrılması bu sahəyə olan xüsusi diqqətin bariz nümunəsidir.
Adil Əliyev gənclərə keyfiyyətli təhsilin verilməsi, gənc nəslin savadlı və vətənpərvər ruhda tərbiyə edilməsi məsələsinin ölkəmizdə bu sahədə aparılan siyasətin əsas hədəflərindən olduğunu qeyd edib. O, bu məqsədlə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.
Gənclər siyasətinin Vətən müharibəsi dövründə də öz uğurlu nəticəsini verdiyini bildirən Milli Məclis sədrinin müavini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsinin gənclər olduğunu, gənclərin istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərdiyini qeyd edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gənclər siyasətinin dövlətimiz üçün prioritet təşkil edən sahələrdən biri olduğunu və bu siyasətin yüksələn xətlə davam etdiyini bildirib. B.Nəbiyev YAP-ın da dövlətin həyata keçirdiyi bütün genişmiqyaslı işlərdə olduğu kimi, bu sahəyə də yüksək diqqət ayırdığını, mütəmadi olaraq gənclərlə görüşlərin təşkil edildiyini və gəncləri maraqlandıran məsələlərin qarşılıqlı müzakirəsinin gənclər siyasətinə mühüm töhfə verdiyini qeyd edib.
Vətən müharibəsində gənclərimizin Müzəffər Ali Baş Komandanın ətrafındakı sıx birliyindən danışan təşkilat sədri, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu deyib.
Sonra görüşdə gəncləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb, onlara təhsil və karyera həyatı barədə tövsiyələr verilib.
Çıxış edən gənclər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirdə fəal gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin “Fəxri fərmanı” və hədiyyələri təqdim edilib.