Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.
“Rubin.az” xəbər verir ki, dövlətimizin başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.
Xəbər verildiyi kimi, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsasən dağıntılar Şamaxı rayonunda qeydə alınıb. Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə – İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlara təcili tibbi yardım göstərilib və onlar evə buraxılıb, insan tələfatı qeydə alınmayıb.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.
Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkən Prezident İlham Əliyevə məlumat verildi ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalı vəziyyətə düşüb.