“Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyi və “Avtodetal” Mağazalar Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Şəhid ailələri və Vətən Müharibəsi qaziləri ilə iftar süfrəsi arxasında görüş” keçirilib.Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
“Vətən bağı” STİB-in sədri Emin Tarverdiyev bildirib ki, biz igidlər, qəhrəmanlar yetirən xalqın nümayəndələriyik: “Bu xalq öz böyüklüyünü İkinci Qarabağ savaşı zamanı bir daha göstərdi. Ali Baş komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşməni məhv etdi. Qəhrəman övladlarımız öz canları, qanları ilə torpaqlarımızı işğaldan azad edərək, Zəfər salnaməsi yazdılar. Bu gün bu süfrə arxasında oturanlar – şəhid ataları və anaları, qazilər, biz Sizə bir ömür qələbə sevinci borcluyuq. Bu gün də bura yığışmaqda məqsədimiz ondan ibarətdir ki, biləsiniz, biz daim sizin yanınızdayıq”.
“Avtodetal” Mağazalar Şəbəkəsinin nümayəndəsi Vüsal Şirməmmədov bildirib ki, o bu günkü tədbirə tək gəlməyib: “Çalışdığımız mağazalar şəbəkəsində Qarabağ müharibəsində qazi olmuş əməkdaşlarımızla gəlmişik. Şəhid ailələri və Vətən uğrunda qazi olmuş şəxslər bizim qürur mənbəyimizdir. Çox sevincliyik ki, bu gün bizə qələbə sevinci bəxş edənlərlə, onların ailə üzvləri ilə bir masada əyləşmişik. İnşallah bundan sonra da Avtodetal Mağazalar Şəbəkəsi “Vətən bağı” STİB ilə birgə bu cür tədbirlər təşkil edəcək. Tez-tez bir yerə toplaşacağıq”.
Almaniya-Azərbaycan Dostluq cəmiyyətinin sədri Naibə Hacıyeva, “Vətən naminə” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova, şəhid ataları Rəfael Rəfiyev, Azad Şükürkü, şəhid qardaşı Şahin Məmmədov, İSBAM sədri Samir Adıgözəlli, DGTYB-nin sədri Əkbər Qoşalı, “Qafqaz Media” İB sədri Hacı Azadə Taleh, jurnalistlərdən Nuranə Gülər və Səbuhi Qafarov, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi, qazi Anar Məmmədov, aktyor Bayram Mürsəlov çıxış edərək tədbir təşkilatçılarına təşəkkür ediblər.
Tədbirdə “Nəqşicahan” muğam qrupu və gənc xanəndə İsmayıl Hacıyev tərəfindən müxtəlif vətənpərvərlik ruhunda mahnılar ifa edilib.
Tədbirin sonunda Milli Məclisin deputatı Jalə Əhmədova, gənc heykəltaraş Tamerlan Mirzəliyev, “Qafqaz Media” İctimai Birliyinin sədri Hacı Azadə Taleh və “Avtodetal” Mağazalar Şəbəkəsinin komandası “Vətən bağı” STİB tərəfindən müxtəlif nominasiyalar üzrə fəxri fərmanlarla təltif ediliblər.