“Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın yekun qənaətləri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, nəticələr və tövsiyələr Azərbaycanda 31 mart – 1 aprel 2022-ci il tarixlərində keçirilmiş “Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları tərəfindən razılaşdırılıb. Konfransda 37 ölkənin nümayəndələri iştirak ediblər.
Konfransın məqsədi minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq ictimaiyyət nümayəndələrini, minatəmizləmə təşkilatları, dövlət qurumları və vətəndaş cəmiyyətini təmsil edən əsas tərəfdaşları bir araya gətirərək minaların insan həyatına və əminamanlığa yaratdığını təhlükələrin qarşısını almaq üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək olub.
Konfransda humanitar minatəmizləmə fəaliyyətinin davamlı sülhün bərqərar olunmasında və sosial-iqtisadi inkişafın əldə edilməsində rolu və BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi, xüsusilə “zorakılığın bütün formalarını və əlaqədar ölüm hallarının əhəmiyyətli dərəcədə azaltmağı” hədəf qoyan 16-cı DİM-in icrası arasında əlaqələrin araşdırılması diqqət mərkəzində tutulub.
Zəngin mədəniyyətlərarası və multidissiplinar bilik və təcrübə mübadiləsi mühitində keçirilmiş konfransda dünyada tətbiq edilən ən mütərəqqi texnologiyalarla bağlı qabaqcıl praktikalara, eləcə də intensiv minatəmizləmə fəaliyyətləri nəticəsində əldə olunan nəticələrə dair geniş müzakirə aparılmış, hazırda münaqişədən əziyyət çəkmiş bölgələrdə iri bərpa və quruculuq işləri aparan Azərbaycan üçün bu təcrübələrin olduqca dəyərli olduğu vurğulanıb.
Konfransın nəticələri və tövsiyələri maraqlı tərəfləri işbirliyini gücləndirməyə və daha geniş əməkdaşlıq naminə imkanları nəzərdən keçirməyə çağırır. Milli səviyyədə minatəmizləmə forumu kimi donor əlaqələndirmə mexanizmlərinin qurulması təklif edilir. Texniki səviyyədə başlıca çağırışları (Ərazinin minalardan azad edilməsini, İnformasiya idarəetməsini, Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməni, Qurbanlara yardımı) əhatə etmək üçün sahəvi işçi qruplarının yaradılması tövsiyə olunur.
Konfransın sənədləri və müzakirələrin icmalı, müəyyən edilmiş problemlər və imkanlar və növbəti addımlara dair tövsiyələr toplu şəklində dərc edilərək, geniş auditoriyanın sözügedən sahənin inkişafı barədə məlumatlılığını təmin etmək və, ən əsası, humanitar minatəmizləmə proqramlarına davamlı yatırımların əhəmiyyətini anlamaq imkanını qazandıracaq.
İştirakçılar:
(I) Qeyd edirlər ki, konfransda təşviq edilmiş çoxtərəfli və multidissiplinar yanaşma sülh quruculuğu, dayanıqlı inkişaf və humanitar minatəmizləmə fəaliyyətlərində beynəlxalq əməkdaşlıq baxımından yeni fürsətlər açır.
(II) Qəbul edirlər ki, bütün səviyyələrdə tərəfdaşlıqlar qurulmadan humanitar minatəmizləmə fəaliyyətinin dayanıqlığını təmin etmək mümkün deyil.
(III) Təsdiq edirlər ki, Azərbaycanda humanitar minatəmizləmə proqramları üçün zamanında və davamlı maliyyəşməni təmin etmək üçün dayanıqlı dəstək və maliyyə mexanizmləri yaradılmalı və layihə-əsaslı maliyyə strukturlarından inteqrasiya edilmiş mexanizmlərə keçidin zərurəti qəbul edilməlidir.
(IV) Tövsiyə edirlər ki, minatəmizləmə və hamı üçün daha yaxşı, təhlükəsiz və dayanıqlı gələcəyə doğru ölçüləbilən irəliləyişlər arasında sinergiyanı gücləndirmək və ondan yararlanmaq məqsədilə humanitar minatəmizləməni ehtiva edən yeni Dayanıqlı İnkişaf Məqsədinin qəbul edilməsi nəzərdən keçirilsin.
(V) Qəbul edirlər ki, humanitar minatəmizləmə fəaliyyəti dayanıqlı inkişaf baxımından olduqca vacibdir və həyatların xilas edilməsi, xəsarətlərin qarşısının alınması, infrastruktur, təhsil və kənd təsərrüfatı sahələrinin bərpası üçün həlledici əhəmiyyət kəsb edir və, bundan əlavə, münaqişədən təsirlənən bölgələrdə davam edən bərpa və quruculuq səylərini dəstəkləmək naminə humanitar minatəmizləmə sahəsində Azərbaycana göstərilən yardımların gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edirlər ki, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və mina qurbanlarına yardım bütün minatəmizləmə fəaliyyətlərinin mühüm və tərkib hissəsini təşkil etməlidir.
(VI) Dərk edirlər ki, humanitar minatəmizləmə sahəsində potensialın artırılması və təcrübə mübadiləsi davamlı münasibətlər və etibar əsasında təşəkkül tapan və uzunmüddətli öhdəlikləri şərtləndirən davamlı bir prosesdir.
(VII) Əlavə olaraq qəbul edirlər ki, potensialın artırılması və təcrübə mübadiləsi bütün maraqlı tərəflər arasında davamlı dialoqu və maarifləndirməni tələb edir və, beləliklə, bu konfransın humanitar minatəmizləmə sahəsində praktiki təcrübənin və çıxarılan nəticələrin davamlı mübadiləsi üçün bir platforma təşkil etdiyini nəzərə alaraq, onun Azərbaycanda müntəzəm olaraq illik əsasda keçirilməsini tövsiyə edirlər.
Tədbir iştirakçıları eyni zamanda Azərbaycan Hökumətinə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə və BMT-nin İnkişaf Proqramına konfransın təşkil edilməsinə görə və bütün iştirakçılara əməkdaşlığa və dəstəyə görə səmimi minnətdarlığını bildiriblər.