Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsir düşmüş Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin azad edilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
“Rubin.az” xəbər verir ki,Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti beynəlxalq təşkilatlardan daxil olmuş məlumata əsasən, 1 fevral 2017-ci il tarixində Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına aparılıb.
Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.