Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahının ABŞ-dan köçürülməsi ideyası üzərində işləməyə ehtiyac var.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı danışıb.
BMT-nin qərargahının ABŞ-dan neytral ölkəyə köçürülməsilə bağlı sualı cavablandırarkən o, bunun mümkünlüyünü istisna etməyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ Rusiyanın BMT-dəki missiyasının 12 diplomatını persona non-qrata elan edib. Moskva bu qərarı qeyri-dost addım və ABŞ-ın BMT-yə ev sahibliyi edən ölkə statusundan sui-istifadə etməsinin növbəti nümunəsi kimi tənqid edib.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ rəsmilərinin bilərəkdən iki ölkə arasında gərginliyi artırmağa çalışdığına diqqət çəkib. Bundan əlavə, ABŞ Rusiya Müdafiə Nazirliyinin digər namizədlərinə viza verməkdən imtina edərək, BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin Hərbi İşlər İdarəsinə təyin edilmiş sonuncu rus zabitini ölkədən çıxarmaq qərarına gəlib.