“Bu gün gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında qısaca öz sözlərimi demək istəyirəm. Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır”.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq:
“Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm.
Ölkəmizdə daxili vəziyyət sabitdir. Daxili sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda çox böyük faciələr baş verir, o ölkələrin başına çox böyük bəlalar gətirilir. Biz görürük ki, ölkələr dağılır, milyonlarla insan həlak olur, qaçqın, köçkün vəziyyətinə düşür. Ona görə daxili sabitliyin qorunması hər birimizin əsas vəzifəsidir və bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir.
Sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcəkdir. Ünvanlı sosial yardım alanların da problemləri daim diqqət mərkəzindədir. Onlar hələ də öz imkanlarını özləri təmin edə bilmirlər. Ona görə təbiidir ki, Azərbaycan dövləti onlara dəstək göstərir. Onu da bildirməliyəm ki, Azərbaycan ünvanlı sosial yardım göstərən nadir ölkələrdəndir və bu, tam ədalətlidir. Biz çalışmalıyıq ki, hələ də öz maddi imkanlarını lazımi səviyyəyə qaldıra bilməyən vətəndaşlar dövlətdən dəstək alsınlar. Eyni zamanda, bundan sonrakı dövrdə özünüməşğulluq proqramı da geniş vüsət alacaq və dövlət hələ də yaxşı vəziyyətdə yaşamayan vətəndaşları müxtəlif vasitələrlə, aktivlərlə təmin edəcəkdir”.