Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.
Modern.az xəbər verir ki, qış sessiyası çərçivəsində AŞPA-ya yeni prezident seçiləcək.
Bundan əlavə, Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriç Assambleyada çıxış edəcək.
Sessiyanın ilk günündə Assambleya Holokost qurbanlarının xatirəsinə Beynəlxalq anma gününü qeyd etmək üçün Fransanın təhsil, gənclər və idman naziri Jan-Mişel Blankerin iştirakı və sağ qalanların video çıxışları və video müraciətləri ilə xüsusi tədbir keçirəcək. Tədbirdən sonra Avropada Tarix Tədrisi Rəsədxanası ilə bağlı debat keçiriləcək.
Sessiya çərçivəsində insan hüquqları nöqteyi-nəzərindən miqrasiya və sığınacaq üzrə Aİ Paktı, Avropa Şurası ərazisində zorla itkin düşmələr, böhran dövründə medianın rolu və Ermənistanda demokratik institutların fəaliyyəti, Aleksey Navalnının zəhərlənməsi ilə bağlı diqqət çəkən məqamlar müzakirə olunacaq.
Sessiya yanvarın 28-də başa çatacaq.