“Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır”.
“Rubin.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı bildirib.
Prezident uğurlu xarici siyasət aparmaqla özümüzü mümkün olan xarici risklərdən qoruduğumuzu və buna nail olduğumuzu qeyd edib: “Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq – qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq. Bizim dünyadakı rolumuzu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yəni, bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi”.
Dövlət başçısı ən başlıca vəzifənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu söyləyib: “Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb.
Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb”.
İlham Əliyev bildirib: “Bununla paralel olaraq, bizim iqtisadi gücümüz, hərbi gücümüz artır. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz strateji yüksəklikləri azad etmişik, biz strateji kommunikasiyalara nəzarət edirik. Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və biz güclənirik. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var.
Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük.
İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir. Təsəvvür edin, əgər biz iqtisadi cəhətdən asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox. Dünyada o qədər ölkə var ki, bu məsələ ilə bağlı çətinlik çəkir. Biz iqtisadi gücümüzə arxalanaraq müstəqil siyasət aparırıq və öz prinsipial sözümüzü deyirik, xalqımızın maraqlarını bütün tədbirlərdə qoruyuruq.
İqtisadi müstəqillik və dayanıqlılıq mütləq bundan sonra da təmin edilməlidir. Biz xarici dövlət borcumuzu çox aşağı səviyyədə saxlayırıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Çox az ölkə tapılar ki, bu göstərici ilə fəxr edə bilsin. Yəni, biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik və heç vaxt asılı olmamalıyıq. Mən gənclərə deyirəm, siz də bunu bilməlisiniz ki, biz heç vaxt heç kimdən asılı olmamalıyıq. Biz azad xalq kimi yaşamalıyıq, biz öz həyatımızı özümüz qururuq.
Əgər kimsə bizə məsləhət vermək, kömək göstərmək istəsə, – əlbəttə ki, əgər bu, təmənnasızdırsa, – biz bunu alqışlayırıq. Ancaq biz özümüz hər şeyi bilirik, öz həyatımızı özümüz qururuq. Müstəqilliyimizin son 25 ili bunu göstərir ki, biz düzgün yoldayıq”.
Ölkə başçısı bildirib ki, 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik: “Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük – özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik.
Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.