“Prezident İlham Əliyev yerli kanallara müsahibəsində bir çox vacib məsələlərə toxundu.
Dövlət başçımızın toxunduğu məsələlərdən biri də məmurların fəaliyyəti ilə bağlı idi. Cənab Prezident bir daha bütün məmurlara ciddi xəbərdarlıq etdi, neqativ hallara yol verməməyi xüsusi tapşırdı, onların fəaliyyətinə həm ictimai, həm də media nəzarətinin olmasının əhəmiyyətini xüsusi vurğuladı. Bu baxımdan Prezident Administrasiyası ilə yanaşı, ictimaiyyətin və medianın da dövlət qurumlarının və məmurların fəaliyyətinə nəzarəti önəmlidir”.
RUBİN.AZ bildirir ki, bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
“Cənab Prezident qeyd etdi ki, o, bir sıra məlumatları mediadan alaraq müəyyən tapşırıq və göstərişləri verir. Bu, həm də Prezidentin cəmiyyətdə gedən prosesləri xüsusi diqqətdə saxladığının, onlara həssas münasibətinin göstəricisidir”, – deputta əlavə edib.
Millət vəkili bildirib ki, media işçiləri zaman-zaman cəmiyyətdə, dövlət qurumlarının fəaliyyətində müşahidə olunan neqativ hadisələri obyektiv işıqlandırmalı, öz reaksiyasını verməlidir:
“Bu təkcə bir qurumun deyil, həm də cəmiyyətin üzərinə düşən mühüm vəzifədir. Cəmiyyət özü də bu kimi məsələlərdə çox həssas olmalı və yeri gəldikcə, öz reakiyasını verməlidir. Bununla cəmiyyətdə gedən proseslərə həm ictimaiyyətin, həm də medianın nəzarətini təmin etmiş olarıq”.