Un və çörəyin satış qiyməti nəzarətə götürülüb.
RUBİN.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı məlumat yayıb. İdxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda un və çörəyin real qiyməti formalaşıb. Un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib. 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35 manat 9 qəpik, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 65 qəpikdir.
Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirəcəyini bildirib. Qeyd edilib ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlanır və bu gün ərzində ictimaiyyətə açıqlanacaq.
İstehlakçılara un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət etmələri tövsiyə edilir.