Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi barədə fərman imzalayıb.
“Rubin.az” xəbər verir ki, sərəncama əsasən Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Əməkdaşlıq Proqramı təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.
Dövlət başçısı həmçinin, 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2021-ci illər üçün ticarət-iqtisadi Əməkdaşlıq Proqramının təsdiq edilməsi barədə, Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Eyni zamanda, prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.