Noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuşda) müzakirə olunub.
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iclası açaraq bildirib ki, bugünkü iclas Azərbaycan üçün əlamətdar olan tarixi hadisələrin ildönümünün qeyd edildiyi bir dövrə təsadüf edir. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuz 30 il işğal altında qalmış əzəli və əbədi Azərbaycan torpaqlarını 44 gün davam edən Vətən müharibəsində düşmən işğalından azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. O, bu günlərdə qeyd etdiyimiz Zəfər Günü, Bayraq Günü və qarşıdan gələn Konstitusiya Günü münasibəti ilə iclas iştirakçılarını təbrik edib.
Bildirib ki, post-müharibə dövründə Prezidentin qarşıya qoyduğu əsas məqsəd müharibədə qazandığımız qələbənin nəticələrinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasıdır. Qarabağın bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən 2,2 milyard manatın ayrılması onu deməyə əsas verir ki, növbəti ildə də işğaldan azad edilmiş ərazilərimizdə başlanan layihələr uğurla davam etdiriləcək.
Adil Əliyev bildirib ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin həyata keçirilməsi dövlətin üzərinə böyük vəzifələr qoyur. Eyni zamanda, büdcədə əksini tapmış rəqəmlər nikbinləyə və qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsas verir. Post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda geniş miqyaslı bərpa və yenidənqurma işləri ilə bağlı öhdəliklərlə yanaşı, dövlətimiz büdcənin sosialyönümlü olmasına sadiq qalıb. Pensiya və əmək haqlarının artırılması ilə bağlı dövlət başçısının imzaladığı son sərəncamlar bunun bariz nümunəsidir. Dövlətimiz bütün imkanlardan istifadə edərək əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində bütün lazımi addımları atır.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, növbəti ilin dövlət büdcəsinin layihəsində işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiya edilməsi üçün 2,2 milyard manat məbləğində vəsaitin ayrılması təklif olunur. Bununla yanaşı, regionda geosiyasi vəziyyət nəzərə alınmaqla, Azərbaycanın dövlət sərhədlərinin etibarlı qorunması məsələləri də böyük əhəmiyyət kəsb edir və bu baxımdan Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbi kontingentinin bu ərazilərdə yerləşdirilməsi, müvafiq infrastrukturun qurulması ilə bağlı xərclərin maliyyə təminatı dövlət büdcəsində nəzərdə tutulub. Eyni zamanda, tarixi qələbəmizin təminatçısı olan Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi üçün xərclər də kifayət qədər yüksəkdir. Bu xərclərə dövlət büdcəsinin 15 faizi, yəni 4 milyard 990 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bildirilib ki, bizim dövlət büdcəmiz ənənəvi olaraq sosialyönümlü büdcədir. Büdcənin sosial xərcləri 46.4 faizə çatdırılıb və cari illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılıb. Bu xərclərin maliyyə tutumunun 13 milyard 851 milyon manata çatdırılması nəzərdə tutulub. Bu xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır, yəni 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait ayrılması təklif olunur. Növbəti ildə dövlət büdcəsi layihəsində əmək haqlarının, sosial müavinətlərin, əmək pensiyalarının və təqaüdlərin artırılması üçün müvafiq maliyyə təminatı nəzərdə tutulub. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Samir Şərifov qeyd edib ki, prioritet istiqamətlərdən biri olan təhsil xərclərinə büdcədən 3 milyard 884 milyon manat ayrılması nəzərdə tutulub. Digər prioritet istiqamət olan səhiyyə sahəsinə ayrılan vəsait, cari ildən başlayaraq tətbiq olunan icbari tibbi sığorta öhdəlikləri də nəzərə alınmaqla 1 milyard 789 milyon manat səviyyəsində müəyyən edilib. Bununla yanaşı, gənclər və idman sahəsinə 44 milyon manat, turizmin inkişafı üçün 59 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Növbəti ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər tutulub yəni 570 milyon manat təşkil edəcək. Yerli gəlirlər 942 milyon manat məbləğində hesablanıb, yerli xərclər isə 979 milyon manat təşkil edəcək. Bələdiyyələrə 11 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, növbəti ilin büdcə gəlirləri 26 milyard 816 milyon manat təşkil edəcək. Bu gəlirlərin Dövlət Vergi Xidməti tərəfindən 8 milyard 820 milyon manat, Gömrük Komitəsinin xətti ilə 4 milyard 260 milyon manat daxilolmalar nəticəsində təmin edilməsi nəzərdə tutulur. Büdcədən kənar gəlirlər 760 milyon manat, digər daxilolmalar isə 260 milyon manat məbləğində proqnozlaşdırılır. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer 12 milyard 710 milyon manat məbləğində nəzərdə tutulub. İcmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.
Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək bildirib ki, ölkə başçısı tərəfindən müəyyən edilmiş dövlət siyasətinin əsasını Azərbaycan vətəndaşının rifahı, onun həyat şəraitinin daha da yaxşılaşdırılması təşkil edir. Nəzər salsaq görərik ki, son iki ildə sosial ödənişlər üzrə xərclər 60 faiz, yəni 2 milyard 392 milyon manat artıb. Pensiya xərcləri son 3 il yarım dövr ərzində 1 milyard 591 milyon manat, sosial müavinətlər üzrə xərclər 417 milyon manat, təqaüdlər üzrə xərclər 310 milyon manat artıb. Son üç ildə minimum pensiya 110 manatdan 200 manata çatdırılıb, orta aylıq pensiya 60 faiz, yaşa görə pensiya 53 faiz, əlilliyə görə pensiya 64 faiz, ailə başçısını itirməyə görə pensiyalar isə 75 faiz artırılıb.
Qeyd edilib ki, növbəti dövr üzrə də artımlar planlaşdırılır. 2022-ci il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi cari ilə nisbətən 161 milyon manat, 3,1 faiz artımla planlaşdırılır. Büdcə təşkilatları üzrə artım 27 faiz, qeyri-büdcə təşkilatları üzrə 13 faiz planlaşdırılıb və ümumilikdə növbəti ildə həm gəlirlər, həm də xərclər baxımından Dövlət Sosial Müdafiə Fondunun büdcəsi daha da artırılır. Qeyd olunub ki, sosial sığorta haqlarının yığılmasında ciddi irəliləyiş əldə edilib. Dövlət Əmək Müfəttişliyi ilə əlaqələndirlmiş iş qurularaq əmək müqavilələrinin sayının artımı təmin edilib. Son üç ildə əmək müqavilələrinin sayı 400 min artıb. Son dövrdə minimum əmək haqqı artırılaraq 250 manata çatdırılıb. Ümumilikdə, bu gün Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində və əhaliyə ödənişlərində daimi olaraq büdcə və qeyri-büdcə sektorunun payı nisbət olaraq düzgün qurula bilib. Növbəti ildə gəlirlərin təxminən 60 faizi qeyri-büdcə sektoru, 40 faizi isə büdcə sektoru üzrə olacaq.
Bildirilib ki, növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 345 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 375 manat proqnozlaşdırılır.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülmməmədov çıxış edərək bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin layihəsinə dair palatanın rəyi hazırlanıb və parlamentə təqdim edilib. Rəydə dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin makrogöstəricilərə uyğunluğu, ölkənin strateji sənədləri ilə uzlaşması ilə bağlı məlumatlar və tövsiyələr verilib. Eyni zamanda, hesabatlılığın və şəffaflığın artırılması ilə bağlı tövsiyələr də rəydə öz əksini tapıb.
Qanun layihəsi ətrafında aparılan müzakirələrdə Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Musa Quliyev, Tahir Rzayev, Sadiq Qurbanov, deputatlardan Asim Mollazadə, Ramil Həsən, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Rauf Əliyev çıxış edərək 2020-ci ilin dövlət büdcəsinin mükəmməl tərtib edildiyini söyləyiblər, bir sıra təkliflərini bildiriblər.
Sonra maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Rafiq Aslanov müzakirələr zamanı səsləndirilən fikirlərə münasibət bildiriblər.
İclasın sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.