REAL Partiyasının sədri İlqar Məmmədov Venesuellada baş verən son hadisələrdən yazıb.
“Rubin.az”Azxeber.com-a istinadən xəbər verir ki, İlqar Məmmədov istənilən dəyişikliyin seçki yolu olmasının tərəfdarı olduğunu bildirib: “Kimsə aldanmasın: Venesuelada əvvəlcə xalq səs verib müxalifəti parlamentə seçdi, səsini hərtərəfli mübarizə ilə qorudu, sonra isə müxalif deputatlar parlamenti ələ keçirəndən sonra, ən böyük küçə nümayişləri hakimiyyətin Madurodan alınaraq parlamentə verilməsini dəstəklədi”.
İlqar Məmmədov daha sonra küçə proseslərinin əleyhinə olduğunu vurğulayıb: “Yəni, Venesuelada da kütləvi küçə nümayişləri seçkidə iştirakın nəticəsi oldu, lapdan ortaya çıxan küçə prosesinin yox. Yenə də seçki yolu ilə, seçkidən sonra səslərin qorunması yolu ilə dəyişiklik baş verir. Hər halda bu dəyişikliyin sonunu təyin edəcək qüvvə Venesuelada ordudur, onun demokratik qüvvələrə dəstəyi həlledici olacaq”.
Partiya sədrinin bu statusu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, hətta partiya üzvləri də REAL sədrini buna görə tənqid edib. O isə tənqidləri cavabsız qoyub.
Sosial şəbəkə istifadəçilərinin iddasına görə İlqar Məmmədovun bu statusu insanları kütləvi aksiyaya çağıran AXCP sədri Əli Kərimliyə cavabdır. Belə ki, Əli Kərimli İlqar Məmmədovdan fərqli olaraq seçki olmayan ərəfədə hər kəsi mitinqə çağırıb. REAL isə bundan sonrakı aksiyalarda iştirak etməyəcəyi haqda bəyanat yayıb.