Milli Məclisin sədri Sahibə Qafarova Batumidə baş vermiş faciə ilə əlaqədar gürcüstanlı həmkarı Kaxa Kuçavaya başsağlığı məktubu göndərib.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.
“Batumidə yaşayış binasında uçqunun baş verməsi barədə xəbər məni dərindən kədərləndirib. Öz adımdan və Azərbaycan parlamentinin üzvləri adından faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verirəm, xəsarət alanların tezliklə sağalmasını diləyirəm”, – məktubda deyilir.
Qeyd edək ki, Batuminin 26 may küçəsində bina oktyabrın 8-də səhər çöküb. Gürcüstanın 400 xilasedicisi fasiləsiz rejimdə dağıntılar altında qalanların xilas edilməsi ilə məşğul olurlar. Hadisə zamanı 9 nəfər ölüb, onların 3-ü uşaqdır. Bir neçə nəfər dağıntılar altından sağ çıxarılıb. Dağıntılar altından sağ çıxarılan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.