Uzun müddətdir, ölkədə qida və qeyri-qida sektorunda qiymətlərdə artım müşahidə olunur. Ən çox bahalaşma isə ərzaq məhsullarındadır. Belə ki, cari ilin əvvəllində 2 manata təklif olunan duru yağın qiyməti 4 manatdan yuxarı, 50 qəpiyə təklif olunan kartof 70-80 qəpiyə, kiloqramı 80 qəpiyə təklif olunan şəkər tozu 1.20 AZN-ə, kiloqramı 2.50 AZN-ə olan uzun düyü 3 manata, qarabaşağın qiyməti 1.50 AZN-dən 1.90 AZN-ə, yumurtanın ədədi 13 qəpikdən 19 qəpiyə, kənd yumurtası 25 qəpikdən 30 qəpiyə, unun kiloqramı 50 qəpikdən 70 qəpiyə qədər artıb. Qiymət bahalaşması təkcə bunlarla bitmir. Mağazalarda demək olar ki, bütün qida məhsullarında davamlı olaraq qəpik-qəpik artım müşahidə olunur.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2021-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə 4,5 faiz bahalaşma qeydə alınıb. Belə ki, 2021-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin iyul ayına nisbətən 6,4 faiz yüksək olub.
Qeyd edək ki, hazırda da qiymətlərdəki bu artım davam edir.
Maraqlıdır, məhsulların qiymətində olan bu davamlı artımın səbəbləri nələrdir?
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyir ki, ərzaqlarda qiymət artımının səbəbləri həddindən artıq çoxdur: “İlin əvvəlində dizel yanacağının birdən-birə 34 faiz artımı dalğavari şəkildə il ərzində qiymət artımına təsir edən əsas faktorlardandır. Dünya bazarında gedən proseslərin bu qiymət artımına təsiri çoxdur. Statistikaya görə, ilin əvvəlindən etibarən dünyada da ərzaq indeksi təqribən 10 faizdən çox artıb”.
Xarici bazarlardan asılılığımız olduğu vurğulayan iqtisadçı deyib ki, özümüzü ərzaq məhsulları ilə tam təmin edə bilmirik: “Xarici bazarlardan yarıbayarı asılılığımız var. Logistikanın, daşımaların bahalaşması, xaricdə qiymətlərin artımı Azərbaycanın daxili bazarına da təsir göstərir. Həmçinin yerli istehsalın artımı ilə bağlı qarşıya qoyulan məqsədlərə çata bilmirik. Kənd təsərrüfatı məhsullarının ixracatı artdıqca yerli bazarda çatışmamazlıq olur və qiymətlərin artmasını müşahidə edirik.”
Qarşıdakı dövrdə ərzaq məhsullarında qiymət artımı gözlənilirmi?
İqtisadçı bildirib ki, ən azı aprel-mart ayına qədər bu bahalaşma davam edəcək. Hətta bəzi aylarda ciddi sürətlənmənin şahidi olacağıq: “Hər il yeni il qabağı dekabrda və Novruz bayramı öncəsi fevralın ortalarından novruz bayramına qədər sürətli qiymət artımı baş verir. Həmin artım bu il də baş verəcək. Çünki mösümdən dolayı yerli məhsulların bazardan çəkilməsi, xaricdən gələn məhsulların çoxalması, bayramlar öncəsi əhalidə olan tələbin artımı nəticə etibarilə qiyməti artıran əsas faktorlara çevriləcək. Təəssüf ki, yaxın aylarda bizi növbəti bahalaşma dalğaları gözləyəcək”.