Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib. NetBlocks şirkətinin hesablamalarına görə, Facebook, Instagram, Twitter və WhatsApp və Facebook Messenger-in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi.İqtisadçı deputat Vüqar Bayramovun Modern.az-a bildirdiyinə görə, NetBlocks şirkətinin Dünya Bankı, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmazsa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər.
“Sadəcə Facebook-un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər”.Qeyd edək ki, NetBlocks şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan Facebook şirkətinin səhmləri 5 faizə yaxın ucuzlşaraq hazırda 326 dollara təklif olunur.