2020-ci ilin sentyabr ayının 27-də Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Ordumuz tərəfindən başlanmış əks-hücum əməliyyatları qısa zaman kəsiyində bizi Zəfərə apardı. Cəmi 44 gün müddətində 30 illik düşmən işğalına birdəfəlik son qoyuldu, hansı ki, bu işğalın dayandırılması və Ermənistanın təcavüz etdiyi əzəli və əbədi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması məqsədilə Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi qəbul edilmişdir.
Digər ölkələrə münasibətdə dərhal icra edilən qətnamələrin ölkəmizə münasibətdə 30 il müddətində hərəkətsiz qalması həm də həmin sənədlərin qəbul olunmasında iştirak etmiş dövlətlərə qarşı hörmətsizlik idi. Lakin Ermənistan hər zaman olduğu kimi, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, eləcə də öz ölçüyəgəlməz hərəkətlərinə davam etməkdə idi. Təəssüf hissi ilə qeyd etməliyəm ki, münaqişənin həll edilməsi üçün mandat almış ATƏT-in Minsk qrupu faktiki olaraq Ermənistanı bu cür ziyanlı hərəkətlərdən cəkindirməkdə, humanitar hüququn tələblərinə riayət olunmasına məcbur etməkdə gücsüz idi.
Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icrası Ermənistan tərəfindən rədd edilirdi
Minsk qrupu yalnız status-kvonun qəbul edilməzliyini bildirmiş və bunun dəyişdirilməli olmasını qeyd etməsi ilə kifayətlənmiş, lakin onun dəyişdirilməsi ilə bağlı heç bir praktiki addım ata bilməmişdir. Ermənistan rəhbərliyində 2018-ci ildə aparılan islahatlar belə, münaqişənin dinc yolla həll edilməsinə nail olmağa imkan vermədi. Əksinə, hər addımda ermənilərin təxribatlara əl ataraq ərazilərimizə qarşı yürütdükləri yeni məkrli siyasət nəticəsində müharibə qacılmaz oldu. Nəticədə Şanlı Ordumuz tarix yazaraq düşmənin işğalına birdəfəlik son qoydu, əzəli və əbədi torpaqlarımız geri qaytarıldı və düşmənə döyüş meydanında sarsıdıcı zərbə vuraraq düşmənin kapitulyasiya aktını imzalamağa məcbur etdi. Döyüş meydanında məğlub ölkənin siyasi müstəvidə də darmadağın edilməsi Ermənistanın “Failed state” çevrilməsi ilə nəticələndi. Dəfələrlə sülh danışıqlarını pozan, yeni təxribatlar törədən bir ölkə aciz vəziyyətdə qalaraq diktəmizi qeyd-şərtsiz qəbul etdi. Bununla da Azərbaycan qüdrətini bir daha dünyaya göstərdi.
Məkrli siyasət həyata keçirmək istəyən xarici qüvvələrə dərs
Bu gün Bakı şəhərində yerləşən Hərbi Qənimətlər Parkında, eləcə də bu il 27 sentyabrda Prezident, Müzəffər Ali Baş Komandan və Birinci vitse-prezident tərəfindən əsası qoyulmuş Vətən Müharibəsi Memorial Kompleksində və Zəfər Muzeyində Ermənistanın məğlubiyyəti əyani şəkildə göstərilir və göstəriləcəkdir. Ermənistan ordusuna məxsus olan arsenalın böyük hissəsi Şanlı Ordumuz tərəfindən məhv edilmiş, hərbi qənimət olaraq götürülmüş, tarixi paradımızda nümayiş etdirilmiş və hazırda da Qənimətlər Parkında nümayiş etdirilir.
Müharibədə biabırcasına məğlub olan Ermənistanın savaş meydanında itirdiklərini uzun illər ərzində bərpa etməsi mümkün olmayacaqdır. Cənubi Qafqazda reallaşan bütün layihələrdən kənarda qalaraq səfil vəziyyətdə olan ölkənin pandemiya dövründə idarəetməni itirməsi və ən əsası, Şanlı Ordumuz tərəfindən onlara vurulan ağır zərbə nəticəsində hazırda Qənimətlər Parkında nümayiş olunan texnikanın uzun illər borcunu ödəyəcəklər. Bununla belə yenidən atacaqları istənilən səhv addım zamanı dövlət başçısının dediyi kimi, “Dəmir yumruq” hərəkətə keçəcək. Edəcəkləri yalnışların cəzasının onlar üçün ağır olması qaçınılmazdır və məğlubiyyətə düçar olaraq yenidən tarixin ən qaranlıq səhifələrinə yollanacaqlar.
Ermənistanın başqa yolu yoxdur, istənilən təxribatdan çəkinməli, eləcə də qıcıqlandırıcı mövqe bildirmək əvəzinə sülh yolunu tutmalıdır. Müharibə bitdikdən və üçtərəfli Bəyanat imzalandıqdan sonra təxribat törətmək məqsədilə ölkəmizin ərazisinə keçən 62 nəfər Ermənistan hərbçisinin tutularaq məsuliyyətə cəlb edilməsi onlara dərs olmalıdır. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə Ermənistan hələ də təxribat törətməyə cəhd edir. Əlbəttə ki, bu təxribatların qarşısı hərbçilərimiz tərəfindən qətiyyətlə alınır. Lakin istənilən halda bu növdən olan təxribatların sülhü pozmağa planlaşdırıldığı istisna edilmir.
Türkiyənin şərtləri regionda sülhün formalaşmasına və inkişafa yönəlmişdir
“3+3” konteksti regionda həyata keçiriləcək və icrası mümkün olan layihələrin əhəmiyyətini artırmaqla bərabər sülh danışıqlarını uğurla yekunlaşdırmağa fokuslanmışdır. Qardaş ölkənin bu təklifi olduqca məqbul haldır, ümumilikdə Cənubi Qafqaz üçün faydalıdır. Türkiyə dövləti Vətən müharibəsində bizə çox böyük siyasi dəstək verdi və istənilən dövlətlərin bu məsələyə müdaxilə etmək imkanının qarşısını kəsdi. Qardaşlarımızın istər siyasi, istərsə də diplomatik müstəvidə göstərdiyi dəstəyi xalq olaraq çox yüksək qiymətləndiririk və hər zaman xatırlayacağıq. Qardaş dövlətdən başqa, ölkəmiz bir çox dövlətlərlə yaxşı diplomatik münasibətlərə malikdir. Vətən müharibəsi Azərbaycanın hərbi, siyasi, strateji gücü ilə bərabər, həm də diplomatik müstəvidəki böyük qələbəsi idi. Ermənistanın dəfələrlə ayrı-ayrı ölkələrlə münasibətlərimizi pozmağa cəhd etməsinə baxmayaraq, dövlətimizin bu sahədə formalaşdırdığı düzgün siyasi kurs nəticəsində diplomatik münasibətlər daha da dərinləşmişdir. Təbii ki, ölkəmiz üçün bu sahədə əsas vəzifə ərazi bütövlüyümüzün tələblərinə tam riayət edilməsi, eləcə də icazəmiz olmadan heç bir halda sərhədlərimizin tələblərinin pozulmamasıdır. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi istər Hərəkatı özündə birləşdirən 120 dövlətlə, istərsə də xarici dövlətlərlə qurduğu diplomatik əməkdaşlıqda uğurları bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Qonşu ölkələrə gəldikdə isə ilk növbədə, təcavüz və işğalı həyata keçirən, əsassız torpaq iddialarında olan Ermənistanın vəziyyəti hazırda ortadadır.
Qonşu ölkələrlə yüksək münasibətlərin formalaşması diplomatiyamızın prioritet sahələrindəndir.
Şimal qonşumuz Rusiya ilə uzun illərdir qurulmuş dostluq münasibəti hər kəsə məlumdur. Ermənistan və onun havadarlarının bu münasibətə kölgə salmağa cəhd etməsi hər zaman fiaskoya uğramışdır.
Gürcüstanla qurulan müttəfiqlik və əməkdaşlıq münasibətləri də hər zaman öz uğurlu nəticəsini verir. Regionda həyata keçirilən layihələrdə birgə iştirak isə hər iki dövlətin xeyrinədir. 29 sentyabr tarixində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüş zamanı Prezidentimizin bildirdiyi kimi, ölkələrimiz arasında siyasi əlaqələrin gücləndirilməsi nəinki təkcə bizim xalqlarımız üçün, eyni zamanda, bütün region üçün önəmlidir. Eləcə də dövlət başçısının ölkələrimiz arasında iqtisadi inkişaf, ticarət dövriyyəsinin artması ilə bağlı səsləndirdiyi fikirlər dostluğumuzun əyani şəkildə təcəssümüdür.
Təəssüf ki, cənub qonşumuz olan İranın fəaliyyəti hələ ki uğurlu hesab edilmir, İrana məxsus yük maşınlarının Ermənistana və Qarabağa qanunsuz səfərləri ölkəmizin, eləcə də hər birimizin əsaslı narazılığına səbəb olur. Belə ki, münasibətlərin dəyərləndirilməsi baxımından Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə qeyd olunan səfərlərin dayandırılması ilə bağlı müraciətlər edilsə də, bu məsələlər öz həllini tapmamış, daha sonra isə rəsmi olaraq nota verilərək qeyd olunan haqlı narazılıq diqqətə çatdırılmış və belə hallara son qoyulması diqqətə çatdırılmışdır.
Ümid edirik ki, hər kəs legitim hüquqlarımıza hörmətlə yanaşacaq, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı kimi istər beynəlxalq hüquqla təsbit edilmiş, istərsə də xalqımızın vahid məqsədi olaraq formalaşmış məfhumlara toxunmağa cəhd etməyəcəkdir. Təklif edilmiş sülh danışıqlarının şərtlərinə Ermənistanın riayət etməsi, eləcə də Zəngəzur dəhlizinin açılması prosesinin sürətləndirilməsi istiqamətində işlər görülməlidir. Bu, üçtərəfli bəyanatda öz əksini tapıb və Ermənistanın bunu icra etməkdən başqa yolu yoxdur.
Ölkəmiz istər qonşu, istərsə də digər dövlətlərlə yalnız dostluq, əməkdaşlıq münasibətlərinin qurulmasının, eləcə də bütün ölkələrin bir-birinin suverenlik, ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipinə riayət edilməsinin tərəfindədir.
Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini,
Gənclər və idman komitəsinin sədri