Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı məlumat yayıb.
“Rubin.az” xəbər verir ki,AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.
“Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər”, – məlumatda bildirilib.
Qeyd edək ki, İdris Abbasov bir neçə saat öncə sosial şəbəkə hesabında status paylaşaraq təcili tibbi yardım maşınında gözlədiyi halda xəstəxanada yer olmadığını bildirmişdi.
***
Millət vəkili Qənirə Paşayevə şəxsi feysbuk hesabında paylaşım edərək İdris Abbasovun Yeni Klinikaya yerləşdirildiyini bildirib.