Bildiyiniz kimi dekabrın 15-də Təhsil İnstitutunun təşkilatçılığı və “ Kapital Bank “ın baş sponsorluğu ilə keçirilən “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Kimya Biologiya təmayüllü Respublika Liseyi və “Zəngi” Liseyində keçirilən müsabiqədə Bakı şəhəri eyni zamanda ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak etmişdi və 24 dekabrda müəllimlərin nəticələri açıqlandı . Müsabiqədə Bakı şəhər 96 saylı tam orta məktəbin fizika müəllimi Sevda Əsgərli 25 sualdan 24- nü düz cavablandıraraq respublika birincisi oldu. Sevda xanımın əksər müəllimlərin çətinlik çəkdikləri bu sualları belə peşəkarlıqla işləməsini və onun buna necə nail olmasını öyrənmək məqsədi ilə onunla əlaqə saxladıq , fikirlərini öyrəndik.
Sevda Əsgərli Rubin. az-a açıqlıamasında bildirdi ki , 35 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Neftçala rayonu 2 saylı tam orta məktəbi bitirib və ali təhsilini Bakı Dövlət Universitetində alıb. Universiteti də yaxşı qiymətlərlə bitirən müəllim həmin ildən Neftçala rayonu Xıllı qəsəbəsində işə başlayıb. Daha sonra ailə vəziyyəti ilə əlaqədar Bakıya köçən və ara vermədən 35 il müəllim kimi fəaliyyət göstərən Sevda xanım qeyd etdi ki , işlədiyi ilk gündən olimpiadaya marağı olub , bu işdən çox zövq alıb. Ona görə də məktəbdə savadlı uşaqları daima nəzarətdə saxlayıb və onlarla fərdi qaydada məşğul olaraq olimpiadaya hazırlayıb. Təhsil Nazirliyinin ikinci Qrant müsabiqəsində layihəsi qalib olan müəllimin ilk şagirdi , ona olimpiada uğuru gətirən Seyran Səfərov olub ki , o səkkizinci sinifdə respublika olimpiadasında doqquzuncu siniflərlə yarışıb və yer tutub. Seyran Səfərov hal hazırda özü də müəllim işləyir, Əməkdar müəllimdir , iki dəfə” İlin müəllimi” müsabiqəsinin qalibi olub , Təhsil Nazirliyinin təşkil etdiyi həm birinci , həm də ikinci Qrant müsabiqəsində layihəsi seçilib. Şagirdindən fəxrlə danışan Sevda xanım bildirdi ki , Seyran da bu müsabiqədə iştirak edib və ikinci yeri qazanıb.Sevda müəllim bu müsabiqəni çoxdan gözlədiyini və belə müsabiqələrin keçirilməsinin müəllimlərin peşəkarlığının artırılmasına müsbət təsir göstərdiyini vurğulayıb .
Bəs müəllimlər nə etməlidir ? Necə Uğur qazanmalıdır ?
Sevda müəllim bildirib : “ Olimpiadaya müəllimin xüsusi marağı olmalıdır. Mənim buna xüsusi marağım və həvəsim olub. Daima bu istiqamətdə öz üzərimdə çalışmışam. Müsabiqəyə qatılan bütün müəllimləri cəsarətlərindən dolayı alqışlayıram. Onlar öz üzərlərində çalışsalar gələcəkdə mütləq nəticəsini görəcəklər. Bu bir dəfəyə ,bir günə ola bilməz. Mən buna illərimi vermişəm. Ona görə də yazılan ” zəif nəticə göstərdi “ fikirlərinə çox da kədərlənməsinlər. Çünki olimpiada fərqli işdir. Öz fənnini bütün müəllimlər tədris edir. Olimpiada isə fənnin daha dərin və çətinliklərinə söykənir. Bu istiqamətdə də müəllim xüsusi hazırlaşmalıdır. Mən bütün iştirakçılara uğurlar arzulayıram və düşünürəm ki,bu istiqamətdə atılmış ilk addım öz töhvəsini zamanla verəcək “.Müəllimə onu da əlavə edib ki,25sual idi ,24-nü yazdım birini çatdırmadım, sonra gördüm ki, bir müəllimə sənədi verir ,oturub onu da eledim, amma ora köçürəndə səhv köçürdüm.Suallar 11-ci siniflərin respublika olimpiadasinin final turu səviyyəsindən bir qədər çətin idi.Olimpiada müəllimdən fədakarlıq tələb edən bir işdi,gərək canından,sağlamlığından keçəsən.
Elşən Ramizoğlu