Ötən gün Avropa Parlamentində azərbaycanlı bloger Mehman Hüseynovla bağlı aparılan müzakirələr zamanı Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilib.
Avropa Parlamentinin zaman-zaman ölkəmizə qarşı ikili standartlardan çıxış etməsi ilk hadisə deyil. Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı məsələyə hər zaman laqeyd və səssiz mövqe nümayiş etdirən avroparlamentarilər siyasi mövzularda xüsusi fəallıq nümayiş etdirirlər.
“Rubin.az” xəbər verir ki,mövzu ilə bağlı azxeber.com-a açıqlama verən Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa Parlamentinin qərəzli mövqeyi barədə öz təcrübəsini bölüşüb: “Biz bir-neçə dəfə Avropa Parlamentində tədbir və görüşlərdə iştirak etmişik, insan haqları ilə bağlı müzakirələrdə çıxışlarımız olub. Hər zaman azərbaycanlı əsir və girovlarla bağlı məsələni müzakirəyə çıxararkən avroparlamentarilərin laqeyd və həvəssiz yanaşmasının şahidi olmuşuq. Hətta bir-neçə il bundan öncə Brüsseldə Avropa Parlamentinin qarşısında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz aksiyamız olmuşdu.
Avropa Parlamentinin qarşısında girovlarımızın fotolarını tutaraq, səssizcə aksiya edirdik. Cəmi 5 dəqiqədən sonra Avropa Parlamentinin təhlükəsizlik xidmətinin əməkdaşları gəlib aksiyanı dayandırmağı tələb etdilər. Halbuki, hər gün həmin yerdə müxtəlif aksiyalar keçirilir, siyasi şüarlar səsləndirilir. Fundamental insan haqları ilə bağlı keçirdiyimiz aksiyamıza isə icazə vermədilər. Həmin Avropa Parlamentidir ki, azərbaycanlı girovlarla bağlı aksiyamıza icazə verməmişdi.”