Mayın 21-də Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvləri ilə videogörüş keçirib.
“Rubin.az” xəbər verir ki, Ceyhun Bayramov tələbələrə pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar barədə ətraflı məlumat verib, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə danışıb. Bildirilib ki, təklif edilən onlayn platformalara 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub, həmin platformalar üzərindən təlim-tədris prosesi uğurla təşkil edilib. Tələbələr iyun-iyul aylarında keçiriləcək imtahan sessiyasında iştirak edəcək, imtahanlara hansısa səbəbdən hazır olmayanlar üçün isə avqust-sentyabr aylarında icmal mühazirə və imtahanlar təşkil ediləcək.
Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvləri olan tələbələrin təhsil haqlarının 2020-ci ildə dövlət hesabına ödənilməsi barədə qərara toxunan nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış e-telebe.edu.az elektron portalı üzərindən artıq 7 minə yaxın tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim edib. Eyni zamanda qeyd edilib ki, ölkə başçısı tərəfindən ötən il imzalanmış müvafiq fərman və sərəncamlara uyğun olaraq hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir.
Nazir həmçinin 18 may 2020-ci il tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarla bağlı da geniş məlumat verib.
Sonra Təhsil naziri tədrisin məsafədən təşkili, təhsil haqqının ödənilməsi, təqaüdlərin verilməsi ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, təkliflərə münasibətini bildirib.
Qeyd edək ki, ATGTİ hazırda Azərbaycanın 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə gənclər təşkilatını özündə birləşdirir. Üzvlər sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ-nin məqsədi təhsil müəssisələrində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.