88 saylı Göyçay Seçki Dairəsi üzrə deputatlığa namizəd olan jurnalist Şahnəzər Bəşirovun seçicilərlə növbəti görüşü rayonun Potu, Hacalıkənd və Qaraxıdır kəndlərində olub. Rubin.az-ın bölgə müxbiri xəbər verir ki, Potu sakinləri şəhərə bitişik olan bu kəndin problemlərinin çox olduğundan, bələdiyyə və digər qurumların normal fəaliyyət göstərmədiyindən şikayətləndilər. Bildirdilər ki, nəzarətsiz qalan kəndin suvarma arxlarına çirkab suları və zibil tökülür, arxın üstündəki bəzi körpülərin dağılaraq bərbad vəziyyətə düşməsi səbəbindən avtomobillərin keçməsi çətinləşib, mərkəzi yol iki avtomobilin yan-yana hərəkəti üçün çox ensizdi və yolda təmir işləri aparılmadığı üçün dağılaraq böyük çalalar əmələ gəlib, yağış yağanda kəndə elektrik enerjisinin verilişi naməlum səbəbdən kəsilir. Sakinlər bu problemlərin həlli üçün aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq tədbir görülmədiyini dedilər. “Mən yaşadığım Hacalıkənd və qohumlarımın çox olduğu Qaraxıdır kəndlərində vətəndaşlarla evlərdə tək-tək görüşlər keçirdim. Fərdi qaydada keçirilən görüşlər zamanı kəndimizin sakinləri mövcud olan sosial problemlər barədə söhbət etdilər”. Vətəndaşlar bildirdilər ki, ölkəmizdə abonentlərin 98 faizinin və Göyçayda bütün kəndlərin müasir birpilləli sistemlə qazlaşdığı bir vaxtda Hacalıkənd kəndinə təbii qaz hələ də Sovet dövründən qalmış çürümüş borularla verilir, qışın soyuğunda kənddə hazırda təbii qaz demək olar ki, yoxdu. “Kəndin məktəb yolu çox bərbad vəziyyətdədir, yayda toz, qışda palçığa görə insanlar, müəllimlər, şagirdlər yolda çətinliklə hərəkət edir”. Yerli sakinlər kəndin mərkəzi yoluna asfalt vurulmasını istəyirlər. Hacalıkənd kəndində 40 il öncə inşa edilmiş tam orta məktəb binası hazırda çox bərbad vəziyyətdədir. Məktəbin sanitar qovşağı çox acınacaqlı haldadır, istilik sistemi yoxdu, pəncərələr, döşəmə və tavan bərbaddır. Kəndə çəkilən içməli su xətti yarımçıq qalıb, insanlar uzaq məsafədən qablarla evinə su daşıyırlar. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur”. Şahnəzər Bəşirov deyib: “Mən seçicilər qarşısında söz vermişəm ki, inşallah deputat seçilərəmsə əvvəlki deputatların doğma el-obamıza qarşı etdiyi saymamazlığı təkrarlamayacam və kəndimizin, rayonumuzun problemlərinin həlli üçün çalışacam. Mən Qaraxıdır sakinləri ilə tək-tək keçirdiyim görüş zamanı vətəndaşlar hər il 10-a yaxın şagirdin 500 və 600-dən yuxarı bal topladığı Qaraxıdır kənd məktəbinin çox bərbad vəziyyətdə olmasından, yolların dağılmasından, insanların 3-4 kilometr uzaqdakı bulaqdan evlərə qablarla su daşımasından şikayətləndilər. Kəndin suvarma suyunun çox az olması səbəbindən əkinçilik və meyvəçiliklə məşğul olan Qaraxıdır sakinləri yay aylarında məhsulun susuzluqdan tələf olduğunu deyiblər”. Seçicilər kəndin problemləri ilə bağlı rayon rəhbərliyinə dəfələrlə şikayət etdiklərini, lakin tədbir görülmədiyini bildiriblər. Hər iki kəndin sakinləri seçki günü hamılıqla yerli namizəd olan Bəşirov Şahnəzər İlyas oğluna səs verəcəklərini bildiriblər. “Biz bilirik ki, Bakıdan olan namizədlər seçkidən əvvəl və sonra Göyçayın kəndləri üçün heç nə etməyəcək. Yerli namizəd olan jurnalist Şahnəzər Bəşirova daha çox güvənirik. O, jurnalist işlədiyi vaxtda demək olar ki, millət vəkili funksiyasını yerinə yetirərək həmişə kəndlərdə yaşayan insanların sözünü mətbuat vasitəsilə yuxarı orqanlara çatdırıb. Şahnəzər Bəşirov kəndlərdə keçirdiyi görüşlər zamanı başqa namizədlər kimi “Mən deputat seçiləndən sonra problemlərinizi yuxarı orqanlara çatdıracam” sözlərini demir, o görüşdüyü insanların sosial problemləri barədə yerindəcə qeydlər aparır, foto, video çəkilişlər edir, mətbuatda məlumat yayır. Şahnəzər Bəşirov sonda rayon sakinlərinə müraciət edərək bildirib: “Əziz seçicilər! Mən həmişə sizin problemlər barədə səsinizi, sözünüzü yuxarı orqanlara çatdıracam və onların həlli üçün çalışacam. Mən başqa namizədlər kimi Bakıda yaşamıram, Göyçay rayonu Hacalıkənd kənd sakiniyəm. Deputat seçilərəmsə mənim iş yerim Milli Məclis, yaşayış yerim yenə Göyçay olacaq. Seçicilərimlə tez-tez görüşərək onların qayğı və problemləri ilə maraqlanacam. Bütün seçiciləri fevralın 9-da fəal olmağa və səsvermədə iştirak etməyə çağırıram”
Davud Tarverdiyev