YAP Bərdə rayon təşkilatında Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat çərçivəsində bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş gənc namizədlər və ilk dəfə səs verən gənc seçicilərlə görüş keçirilmişdir.
“Rubin.az” xəbər verir ki,görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirmişdir ki, bu günə qədər keçirilən bütün seçkilərdə partiyamızın namizədlərinin xalq üçün, Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi xalqda bu Partiyaya və onun namizədlərinə böyük rəğbət yaratmışdır. Bu seçkilərdə də namizədlərimizin dəstəklənəcəyinə əminik. Çünki cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası xalqımızın həyatında müstəsna xidmətləri ilə seçilən partiyadır. Fəqət Şadlinskaya Bələdiyyə seçkilərində YAP Bərdə rayon təşkilatı tərəfindən 588 nəfər YAP üzvünün namizədliyinin irəli sürüldüyünü, bunlardan 214 nəfərin qadın, 138 nəfərin gənc olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlər, əsasən yüksək intellektli, kreativ düşüncəli, bacarıqlı gənclər irəli sürülmüşdür. Çünki gənclər inkişaf və yeni ideyalar deməkdir. Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də qalib gəlmək əzmində olduğunu vurğulamış, partiyanın bələdiyyələrin işinin yüksəldilməsi üçün səmərəli tədbirlər həyata keçirdiyini qeyd etmiş, gəncləri seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı olması üçün 23 dekabr tarixində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırmışdır.
Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək gəncləri təbrik etmiş, qeyd etmişdir ki, hər bir müasir, demokratik dövlətin siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən seçkilərdə ilk dəfə iştirak etmək və öz siyasi iradəsini nümayiş etdirmək imkanı əldə etmək hər bir gəncin həyatında unudulmaz tarixi hadisədir. İlham Məmmədov ölkəmizdəki dövlət gənclər siyasəti, gənclərimiz üçün yaradılmış təhsil və karyera imkanları, çoxsaylı sosial proqramları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli islahatlar, gənclərə geniş fəaliyyət meydanı verilməsi, ölkə başçısı tərəfindən gənclərə göstərilən yüksək etimad və gənclərin cəmiyyətdəki rolunu və məsuliyyətini artıran mühüm qərarlardan danışmışdır. O, bildirmişdir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı ilbəil artır, bu sahədə reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün genişlənir. Gənclər siyasəti cənab Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu yüksək diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə gənclərin rolu artır, yüksək potensiallı Azərbaycan gəncləri cəmiyyət həyatımızın bütün sahələrində, idarəetmə strukturlarının bütün pillələrində layiqincə təmsil olunurlar.
Sonra çıxış edən YAP Bərdə rayon təşkilatı Gənclər birliyinin sədri Elşən Məmmədov, Bələdiyyə üzvlüyünə namizədlər Elçin Cəfərli, Nicat Məmmədov, Günel Cəfərova, gənc seçici Şamxal Yaqubov bildirdilər ki, gənclər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını daim öz üzərlərində hiss edirlər və daim onu dəstəkləyirlər. Onlar Bələdiyyə seçkilərində fəal olacaqlarına, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə, seçildikləri təqdirdə Yeni Azərbaycan Partiyasının etimadını doğruldacaqlarına söz verdilər.