“Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub”.
“Rubin.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən deyib.
“Çox şadam ki, Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçirilir. Bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizi daha sıx birləşdirir, ikitərəfli gündəliyə dair söhbət etmək üçün yaxşı imkan yaradır. Bildiyiniz kimi, bu yaxınlarda Aşqabadda dövlət başçılarının Zirvə Görüşü çox uğurlu keçdi. MDB üzvü olan digər ölkələr kimi, Azərbaycan da bu təşkilatda iştiraka böyük əhəmiyyət verir. Bir sıra məsələlərə dair bizim konstruktiv mövqeyimiz də MDB çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verir. Əlbəttə, xüsusən müasir mərhələdə bizim regionda mövcud olan və yarana biləcək təhlükələr nəzərə alınmaqla hərbi sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Zənnimcə, buna görə MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır”, – deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi idi: “Biz Azərbaycanda da buna çox fəal hazırlaşırıq. Bu, bizim ümumi qələbəmizdir, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Qələbədir. 9 May ölkəmizdə dövlət bayramıdır. Bu bayram Heydər Əliyev Azərbaycana qayıdandan sonra bərpa edildi. Təəssüf ki, müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin xalqa zidd olan iqtidarı təqvimdəki bu qırmızı günü silməklə onu xalqımızın yaddaşından da silməyə cəhd göstərdi, veteranlara hörmətsizlik etdi. Əslində bu, Böyük Vətən müharibəsinin tarixini təhrif etmək cəhdləri idi. İndi bəzi ölkələrdə belə cəhdlər təəssüf ki, kifayət qədər kütləvi xarakter alır. Beləliklə, 9 May günü uzun illər boyu dövlət bayramı kimi qeyd edilir və veteranlara qayğı bizim gündəlik işimizin ayrılmaz tərkib hissəsidir. Veteranlar diqqət və qayğı ilə əhatə olunub, onların maddi vəziyyəti təmin edilir. Onlar bizim üçün, hamı üçün qəhrəmanlıq nümunəsidir. Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Bunu demək kifayətdir ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini – neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı. Təsadüfi deyil ki, faşist Almaniyası gözlərini Bakıya zilləmişdi, Bakını tutmaq planları vardı. Bu halda sovet ordusu zəruri yanacaqdan məhrum olardı. Tarixdən yaxşı bilirik ki, faşistlərin öz hücumlarını inkişaf etdirə bilməməsinin bir səbəbi məhz o idi ki, onlar yanacaq sarıdan korluq çəkirdilər. Bakı neftçiləri əsl fədakarlıq göstərir, gecə-gündüz işləyirdilər. Məhz həmin illərdə neft hasilatı rekord səviyyəyə – orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı. Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir”.