Rusiyanın nüfuzlu “Kommersant” qəzeti keçmiş SSRİ ölkələrinin liderləri – gənclikləri, şəxsi həyatları, karyeraları və siyasətləri haqqında daha yaxından tanış olmağı nəzərdə tutduğu yeni layihəyə start verib. Birinci nömrə Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilib.
“Rubin.az” xəbər verir ki, layihə müəllifi Marina Kolokolova Azərbaycan Prezidentinin ümummilli lider Heydər Əliyev, Dağlıq Qarabağ münaqişəsi, Birinci vitse-prezident Mehriban Əliyeva, avrointeqrasiya, Türk dünyası, SSRİ-nin dağılması, rus-dili, müxalifət, tənqid və təhsil haqqında müxtəlif vaxtlarda səsləndirdiyi 10 fikri toplayaraq dərc edib.
Ümummilli lider Heydər Əliyev haqqında:
23 dekabr 2007-ci ildə “Azərbaycan” qəzetində dərc olunmuş “Mənim universitetlərim” məqaləsi.
“Mən çox eşitmişəm: “Onu atası aparır” və ya “Əgər Heydər Əliyev prezident olmasaydı, İlham heç nəyə nail olmazdı”. Buna nə deyə bilərəm? Hər ölkədə hakimiyyətin vərəsəliyi çox vacibdir. Ona görə də Heydər Əliyevin öz varisi barədə narahat olması təbii idi. Bundan başqa o, öz varisini əvvəlcədən hazırlamağa başlayıb. Atam mənə müxtəlif vəziyyətlərdə necə davranmaq lazım olduğunu deyərək öz təcrübəsini addım-addım mənə ötürüb”.
Dağlıq Qarabağ haqqında:
26 iyun 2019-cu il tarixdə Bakıdakı Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları ilə görüşdə.
“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ başa çatmayıb və biz hər an doğma torpaqlarımızın işğaldan azad olunmasına hazır olmalıyıq. Əminəm ki, o gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”.
Mehriban Əliyeva haqqında:
21 fevral 2017-ci il tarixində Birinci vitse-prezidentin Azərbaycan Təhlükəsizlik Şurasına təqdimatı zamanı.
“Mehriban Əliyeva uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır. O, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm… O, peşəkar, təcrübəli, prinsipial və humanist insandır”.
Avrointeqrasiya haqqında:
7 oktyabr 2016-cı ildə respublika hökumətinin iclasında.
“Bəziləri deyir ki, kiminsə xoşuna gəlmək, ya da donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya olmalıyıq. Sual olunur, biz hansı Avropaya inteqrasiya olmalıyıq? Bugünkü Avropa göz qabağındadır… Biz oraya- böhrana inteqrasiya olmalıyıq?! “Müsəlmanlara stop” deyilən yerə inteqrasiya olmalıyıq?! Qaçqın müsəlmanlara münasibətdə ikili standartlar tətbiq edənlərin cəmiyyətinə inteqrasiya olmalıyıq?! Müsəlmanları qəfəsdə saxlayanların cəmiyyətinə inteqrasiya olmalıyıq?!”.
Türk dünyası haqqında:
13 Noyabr 2013-cü ildə Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdə.
“Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.
SSRİ-nin dağılması haqqında:
10 may 2017-ci il tarixdə Bakıda Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirdə.
“SSRİ böyük dövlət qismində düzgün aparılan milli siyasət hesabına mövcud oldu. Amma 1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini başa düşmürdülər, ya da bilərəkdən zərərli addımlar atırdılar ki, bunların arasında separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması da var idi. Təəssüf ki, bu günədək Qorbaçov bu və digər cinayətlərə görə məsuliyyətə cəlb edilməyib”.
Rus dili haqqında:
2 dekabr 2014-cü il “Rossiya 24” kanalında “Fikir” proqramında.
“Rus dilinə bizdə keçmişdə olduğu kimi hörmət edilir. Azərbaycan heç vaxt rus dilini özünə hədəf seçənləri dəstəkləməyəcək”.
Müxalifət haqqında:
5 sentyabr 2004-cü ildə Bakıda mətbuat konfransında.
“Müxalifət dəyişməlidir. Bu naftalin iyi verən insanlar artıq xalqı bezdirib… Cəmiyyətə hökumətin diqqətini bu və ya digərə məsələyə yönəldən, hökumətin ünvanına sağlam tənqidlər səsləndirən konstruktiv müxalifət lazımdır, polisə daş atan müxalifət yox”.
Tənqid haqqında:
24 sentyabr 2016-cı ildə Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə.
““Freedom House” hesab edir ki, Azərbaycan azad deyil, internet qismən azaddır, son on il ərzində Azərbaycan bütün Avrasiyada demokratik idarəetmə baxımından hamıdan çox geri qalır. Təsəvvür edirsiniz? Bu, sadəcə gülməlidir və yəqin ki, bunu heç şərh etməyə dəyməz. “Freedom House” erməniyönümlü mövqeyi və ölkəmizə daimi hücumlarına görə Azərbaycanın heç bir əlaqəsi olmadığı bir təşkilatdır”.
Təhsil haqqında:
14 dekabr 2004-cü ildə “Hakimiyyət Formulu” televiziya şousunda Mixail Qusmana verdiyi müsahibədə.
“Məni ali məktəbə beş ay sonra 16 yaşımın tamam olacağını rəsmi təsdiq edən arayışla qəbul ediblər. Təhsilin birinci ili daha məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin oğlu kimi təhsil almaq bir şeydir, Moskvada belə gənc yaşda fərqli mühitdə təhsil almaq isə tamamilə başqadır. Lakin mən atamı pis vəziyyətdə qoymadım, əvvəlcə institutda, sonra isə aspiranturada yaxşı oxudum”.